FİFA hakiminin inanılmaz səhvi
18.09.2008 - 16:43
FİFA hakiminin inanılmaz səhvi
Bakı - APA-Sport. UEFA Çempionlar Liqasının E qrupunda “Seltik” (Şotlandiya) və “Olborq” (Danimarka) arasında keçirilmiş görüşün baş hakimi inanılmaz səhvə yol verib. “APA-Sport”un məlumatına görə, italiyalı ədalət təmsilçisi Matteo Trefoloni matçın 80-ci dəqiqəsində qaydanı pozan futbolçuya deyil, tamamilə günahsız oyunçuya qırmızı vərəqə göstərib.

Halbuki, həmin epizodda “Olborq”un üzvü Mixael Yakobsen böyük sürətlə hücuma atılan “Seltik”li Samarası kobudluqla dayandırıb. Ancaq bu zaman Trefoloni özünü itirib. O, qaydanı hansı futbolçunun pozduğunu köməkçilərindən yox, yaxınlıqdakı futbolçulardan soruşub. Nəticədə oyunçuları çaşdıran FİFA referisi Yakobsenin əvəzinə onun adaşı Mixael Beşampı meydandan qovub. Beşampın etirazları isə bəhrəsini verməyib.

“Olborq” rəhbərliyi qarşılaşmanın videoyazısını UEFA-ya göndərəcək. Qitənin ən ali futbol qurumunun Beşampı diskvalifikasiya etməyəcəyi, əksinə Trefolonin uzun müddətə yaşıl meydançalardan kənarlaşdıracağı gözlənilir.

Qeyd edək ki, “Seltik” - “Olborq” görüşü qolsuz bərabərliklə başa çatıb.
0