“Qalatasaray” İstanbuldakı oyundan qorxur
19.09.2008 - 09:42
“Qalatasaray” İstanbuldakı oyundan qorxur
Bakı. Kənan Həsənov - APA-Sport. “Üzərində çox dayanılacaq bir matç oynadıq. Hətta bu gecənin ən çox müzakirə ediləcək qarşılaşmasını keçirdik. Yaxşı mübarizə apardığımız və kifayət qədər qol imkanı yaxaladığımız deyə bilərəm. 4:3 sərfəli hesab olsa da, İstanbuldakı cavab matçı çətin keçəcək”. “APA-Sport”un məlumatına görə, bu sözləri UEFA kubokunun qrup mərhələsi çərçivəsində İsveçrənin “Bellinzona” klubu ilə səfər matçını dəyərləndirən “Qalatasaray”ın baş məşqçisi Mixael Skibbe söyləyib.

Almaniyalı mütəxəssis komandanın müdafiədə problemlərlə üzləşməsini etiraf edib. Onun fikrincə, bunun səbəbini zədəli futbolçuların çoxluğunda axtarmaq lazımdı: “Cərimə zərbələrindən sonra qollar buraxırıq. Bunun üzərində daha çox işləməliyik. Zədəli futbolçuların çoxluğu səbəbindən də hər oyuna fərqli heyətlə çıxmalı oluruq. Bu səbəbdən də problemlərlə üzləşirik. Zamanla hər şey həllini tapacaq”.

Skibbe qələbə topunu vurmasına rəğmən, tənqid olunan Kassio Linkolnun oyununa da toxunub: “Bu görüşdə ondan məmnun qaldım. Məhsuldar ötürmə verdi və qələbə topunu vurdu. Amma müdafiə olunmaq gücü zəifdir”.
0