Bir balaca boyu var...
19.09.2008 - 13:46
Bir balaca boyu var...
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Oktyabrın 15-də növbəti beynəlxalq yoldaşlıq görüşünü keçirəcək Azərbaycan futbol yığmasını heç də asan oyun gözləmir. “APA-Sport”un məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi kollektivi Bəhreynin paytaxtı Manamada yerli komanda sınağa çəkəcək. Futbolçularımızın Asiya yığmaları arasında 7-ci sırada qərarlaşan Bəhreynlə qarşılaşmasının maraqlı və gərgin olacağı gözlənilir.

Bəhreyn milli komandasını çexiyalı Milan Maçala çalışdırır. Uzun müddətdir Yaxın Asiyada işləyən 65 yaşlı mütəxəssis öncə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Küveyt yığmalarına da başçılıq edib. 1996-cı və 1998-ci illərdə Küveytin baş məşqçisi kimi, “Körfəz” kubokunu qazanıb. Vətənində Çexoslovakiya milli komandasına da rəhbərlik edən Maçala “Slaviya”, “Banik”, Ərəbistanda “Əl Nəsr”, “Kazma”, “Əl-Əyn” klublarının baş məşqçisi olub.

Maçala 1990-cı ilin avqustunda, İtaliyada keçirilmiş dünya çempionatından Çexoslovakiya milli komandasının baş məşqçisi postunda Yojef Venqloşu əvəzləyib. O, 1993-cü ilin martınadək bu vəzifədə çalışıb. Çexoslovakiya yığmasını 23 dəfə meydana çıxaran Maçala milli komanda tarixinin son matçlarına şahidlik edib. Həmin ərəfədə Çexoslovakiya bir neçə ölkəyə bölünüb.

Bəhreyn yığmasına gəlincə, ərəblər ilk rəsmi oyunlarını 1966-cı ildə İraqda Küveyt yığmasına qarşı keçiriblər. “Siftə” məhsuldar alınıb – 4:4. Bəhreyn komandası tarixi ərzində 198 matç keçirərək, 68 qələbə qazanıb, 54 heç-heçə edib və 74 dəfə məğlub olub. Top fərqi belədir: 250-256. Ada dövlətin yığması ən böyük hesablı qələbələrinə 2004-cü ildə Qırğızıstan, 2005-ci ildə isə Panama və Türkmənistanla oyunlarda imza atıb (5:0). 42 il əvvəl isə İraq futbolçuları Bəhreyn üçün qara tarixini yazıblar – 10:1.

1976-cı ildən etibarən dünya çempionatlarının seçmə mərhələsinə qatılan bəhreynlilər ən böyük uğurlarını 2005-ci ildə qazanıblar. Daha doğrusu, onlar dünya çempionatının bir addımlığında büdrəyiblər. Asiyalılar öz meydanlarında Trinidad və Tobaqoya uduzmaqla, final mərhələsindən kənarda qalıblar. Ümumilikdə, Bəhreyn seçmə mərhələlərdə 19 qələbə qazanıb, 20 dəfə məğlubiyyət acısı dadıb, 15 oyun isə heç-heçə nəticələnib.

Bəhreynlilər 6 dəfə Asiya kubokunun seçmə mərhələsində iştirak ediblər. Bu cəhdlərin 3-ü uğurlu olub. Milli komanda Asiya kubokunda ən yüksək nəticəni 2004-cü ildə göstərib. Onlar çempionatda 4-cü yeri tutublar.

1972-ci ildən “Körfəz” kubokunda mübarizə aparan Bəhreyn yığması 4 dəfə ikinci, 3 dəfə üçüncü pillədə qərarlaşıb. Gələcək rəqibimiz 4 dəfə Ərəb Millətlər Kubokunda çıxış edib. Bunların ikisində bəhreynlilər yalnız finalda uduzublar.

Bəhreyn milli komandasının üzvlərinin əksəriyyəti yerli, bir qismi isə digər ərəb dövlətlərində çempionatda oynayır. Avropada legioner həyatı yaşayan yeganə futbolçu isə Con Ceysidir. O, Belçikanın “Muskron” klubunun şərəfini qoruyur. Yığmanın heyətində ən çox matç keçirən futbolçu Məhəmməd Əbdülrəzzaqdır - 102 matç. Hubeyl Aala isə 30 qol vuraraq, milli komandanın ən məhsuldar futbolçusuna çevrilib.

Hazırda FİFA reytinqində 66-cı sıraya sahib çıxan Bəhreyn yığmasının rekordu 2004-cü ilin sentyabrına təsadüf edir - 44-cü yer. Bu siyahıda rəqibimizin ən aşağı göstəricisi 139-cu pillədir (2000-ci ilin mart ayı). Bəhreyn milli komandası bu il 17 qarşılaşma keçirib ki, bunlardan da Danimarka və İran üzərində 1:0 hesablı qələbələr diqqət çəkir.
0