Qabino Renales: “Azərbaycanda futbolun inkişafı üçün çox çalışırlar”
19.09.2008 - 18:16
Qabino Renales: “Azərbaycanda futbolun inkişafı üçün çox çalışırlar”
Bakı. Mehman Süleymanov - APA-Sport. Peşəkar Çimərlik Futbolu Təşkilatının baş katibi Qabino Renales AFFA-nın rəsmi saytına müsahibə verib. Qonaq Bakıda keçirilən Avropa kuboku oyunları turnirinin təşkilatçılığı, yığmamız, ölkəmiz haqda təəssüratlarını bölüşüb.

- Bir neçə gündür ki, ölkəmizdəsiniz. Təəssüratlarınızı bilmək istərdik…

- Azərbaycanda bir neçə gündür olmağımıza baxmayaraq, bütün diqqətimizi çimərlik futboluna yönəltmişik. Əsas təşkilatçılıq işləri ilə məşğul oluruq, başımız çox qarışıqdır. Amma qısa müddət ərzində vaxt tapıb şəhəri də gəzə bildik. İnsanlar bizi çox yaxşı qarşılayırlar. Bakı əhalisinin istiqanlılığı diqqətimi cəlb etdi. AFFA rəhbərliyinin qonaqpərvərliyinə isə söz ola bilməz. Onların bir neçə gün ərzində necə işgüzar olduqlarını gördük. Hiss olunur ki, federasiyanın işçiləri həm çimərlik, həm də böyük futbolun inkişafı üçün çox çalışırlar.

- Turnirin ilk iki günü arxada qaldı. Peşəkar Çimərlik Futbol Təşkilatının nümayəndəsi kimi, Avropa kuboku oyunlarının Bakıda təşkil olunmasına peşman deyilsiniz ki?

- Bu barədə qətiyyən söhbət gedə bilməz. Biz Bakıda olmağımızdan şərəf duyuruq. Həqiqətən də düzgün addım atdığımızı gördük. Belə bir möhtəşəm stadionun tikilməsi çimərlik futboluna ölkənizdə olan diqqətin bariz nümunəsidir. Hətta düşünürəm ki, belə turnirləri Bakıda çox keçirək. Bu barədə müəyyən müzakirələr aparmaq fikrimiz var.

- Təşkilatçılıqla bağlı razı qalmadığınız məqamlar oldumu?

- Əslində, bu təbii haldır. İstənilən idman növündə ilk turnirlərin təşkilində çətinliklə üzləşməlisən. Ələlxüsus da ki, çimərlik futbolu kimi gənc bir idman növündə. Bizim gəlişimizin səbəbi də budur ki, ortaya çıxa biləcək hər hansı bir nöqsanın aradan qaldırılmasında həmkarlarımıza dəstək olaq. Təşkilatçılıqdan qətiyyən narazılığım yoxdur. Hər şey yüksək səviyyədədir. Yeganə istəyim odur ki, həftə sonları stadion tam dolsun. Belə oyunlarda idmançıların azarkeşlərə ehtiyacı var.

- Yığma komandamız sizdə hansı təəssüratlar oyatdı?

- Gənc milliniz var. Buna baxmayaraq, baş məşqçiniz çox yaxşı bir komanda yarada bilib. İlk illər çətin olacaq. Amma belə bir diqqətin nəticəsində yaxın vaxtlarda Azərbaycan çimərlik futbolunda ciddi uğurlara imza ata biləcək.

- Turnirdə hansı komandanı favorit hesab edirsiniz?

- Əvvəlcədən nə isə söyləmək çox çətindir. Çünki turnirin hələ ikinci günüdür. Amma ilk turlardan sonra hər bir yığma müəyyən təəssüratlar oyada bilib. Hələ ki, İspaniya və İsveçrə millilərini favorit hesab edirəm. Sonda turnirin təşkilində əziyyət çəkən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və Çimərlik Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Avropa kuboku oyunlarının Bakıda keçirilməsi təşəbbüsünü irəli sürən baş katib Elxan Məmmədovu da indidən təbrik edirəm.
0