Ziko Özbəkistan klubunu çalışdıracaq
20.09.2008 - 10:36
Ziko Özbəkistan klubunu çalışdıracaq
Bakı. Mehman Süleymanov – APA-Sport. Türkiyənin “Fənərbaxça” futbol komandasının braziliyalı sabiq baş məşqçisi Ziko özünə yeni iş yeri tapıb. “APA-Sport”un məlumatına görə, 55 yaşlı mütəxəssis karyerasını Özbəkistanda davam etdirməyə çox yaxındır. “Budenkor” klubundan təklif alan Ziko rəhbərliklə danışıqlar aparmaq üçün gələn həftə Daşkəndə gələcək. Onun təyinatı rəsmiləşəcəyi halda, yeni klubunda həmyerlisi, dünya çempionu Rivaldonun baş məşqçisi olacaq. Az öncə “Budenkor”a keçən 36 yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində meydana çıxdığı hər iki oyunda qol vurub.

Zikonun təyinatı hazırkı baş məşqçisi Mircəlal Qasımovun Özbəkistan yığmasının sükanı arxasına keçməsindən sonra gündəmə gəlib. Qasımov milli komandada texniki direktor vəzifəsinə keçirilən Rauf İnileyevi əvəzləyib. Özbəkistan bu mütəxəssisin rəhbərliyi altında 2010-cu il dünya çempionatının seçmə mərhələsinə ardıcıl iki məğlubiyyətlə (səfərdə Qətərə 0:1, evdə Avstraliyaya 0:3) başlayıb.

Qeyd edək ki, M. Qasımov hələlik eyni vaxtda həm klubda, həm də yığmada baş məşqçi vəzifəsini icra edir.
0