Azərbaycan yığması Avropa kubokunda üçüncü oldu
22.09.2008 - 10:23
Azərbaycan yığması Avropa kubokunda üçüncü oldu
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakıda keçirilən çimərlik futbolu üzrə X Avropa kuboku uğrunda yarışa yekun vurulub. “APA-Sport”un məlumatına görə, 6 komandanın mübarizə apardığı turnirdə qalib adını İspaniya yığması qazanıb. Pireney yarımadası təmsilçiləri finalda İsveçrəni 2:0 hesabı ilə məğlub ediblər.

Avropa Kubokuna ilk dəfə qatılan Azərbaycan milli komandası isə 3-cü yerlə kifayətlənib. Qrup mərhələsində İngiltərə (3:1) və İsveçrə (0:5) yığmalarını sınağa çəkən futbolçularımız 3 xal toplayaraq, 2-ci sırada qalıb.

Qustavo Enrike Zlokkovik Silvanın yetirmələri yarışın son günündə digər qrupun ikincisi Norveçlə qarşılaşıblar. Bu oyunda 4:3 hesablı qələbə qazanan həmvətənlərimiz turniri ilk “üçlük”də başa vurublar. Həm də futbolçularımız Azərbaycan Çimərlik Futbolu Federasiyası rəhbərliyinin qarşıya qoyduğu vəzifəni yerinə yetirib.

Paytaxtımıza təşrif buyurmuş İtaliya 5-ci, İngiltərə komandası isə 6-cı pillədə qərarlaşıb.
0