Mübariz Mənsimov parlaq gələcəkdən danışdı
22.09.2008 - 15:17
Mübariz Mənsimov parlaq gələcəkdən danışdı
Bakı - APA-Sport. “Dövrələrarası fasilədə “Xəzər-Lənkəran”a daha yaxşı və səviyyəli futbolçular transfer olunacaq”. “APA-Sport”un “Trend News”a istinadən məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov deyib.
Onun sözlərinə görə, komandaya yeni futbolçuların cəlb olunması üçün fəaliyyətə başlanılıb: “Məqsədimiz klubun heyətini gücləndirmək və səviyyəsini qaldırmaqdır. “Xəzər-Lənkəran”ın Azərbaycan çempionu olması deyil, ölkəmizi dünyada layiqli təmsil etməsi üçün çalışırıq”.
Fəxri prezident axır zamanlar “Xəzər-Lənkəran” rəhbərliyində baş verən dəyişikliklərə də toxunub. O deyib ki, bütün məsələlərlə bağlı qərarları klubun prezidenti Mais Mənsimov verəcək.
Qeyd edək ki, son iki ayda müxtəlif səbəblərdən “Xəzər-Lənkəran”dan 6 rəsmi şəxs, o cümlədən vitse-prezident Tuyqun Nadirov, rəis Vüsal Cəlilov, baş məşqçi Ağasəlim Mircavadov, seleksiyaçı-məşqçi Bəxtiyar Musayev, məşqçilər Samir Ələkbərov və Tofiq Mustafayev vəzifələrindən uzaqlaşdırılıblar.


0