“Turan”ın baş məşqçisi kimdən rüşvət alıb?
22.09.2008 - 15:27
“Turan”ın baş məşqçisi kimdən rüşvət alıb?
Tovuz. Mehman Süleymanov - APA-Sport. “Səbir etsələr, ikinci dövrədə çox yaxşı komandamız olacaq və xeyli xal yığacağıq. Ancaq açığı, Tovuzda rahat deyiləm. Məni burada görmək istəməyənlər var”. Bunu “APA-Sport”a açıqlamasında Tovuzun “Turan” klubunun baş məşqçisi Mustafa Yılmaz deyib.

Haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunması ilə bağlı məsələyə münasibət bildirən 54 yaşlı türkiyəli mütəxəssis bildirib ki, günahsız olduğuna əmindir. Yılmaz buna görə narahatçılıq keçirməyə əsas görmür: “Açığı, bəzi futbolçuların Baş Prokurorluğa müraciət etməsindən xəbərsizəm. Heç bir oyunçudan komandaya götürmək, heyətə salmaqla bağlı rüşvət almamışam. Belə çirkin hərəkətlər, əxlaqsızlıq mənə yaraşan deyil. 28 ildir məşqçi işləyirəm və bu müddətdə həmişə alnıaçıq olmuşam”.

Baş məşqçi bildirib ki, bu xəbərləri gündəmə gətirənləri tanıyır: “Klubda Oqtay adlı vitse-prezident var idi. Saxtakarlıq işləri ilə məşğul olduğu üçün onu klubdan kənarlaşdırdım. Həmin vitse-prezidentlə əlbir olan bəzi məşqçilər qorxaraq, geri çəkildilər. Bu, su bulandırma kimi bir şeydir. Bütün bunları görəndə iyrənirəm. Lakin başqasına quyu qazanlar özü düşəcək”.
0