Dünyanın ikinci komandası: “Neftçi”
23.09.2008 - 10:48
Dünyanın ikinci komandası: “Neftçi”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Tarixinin ən pis günlərinin yaşayan Bakının “Neftçi” klubu Azərbaycan Premyer Liqasının ilk 5 görüşündə vurduğu 1 qolla antirekord müəyyənləşdirib. Belə ki, hələlik öz oyununu tapa bilməyən paytaxt təmsilçisi ölkə çempionatında ən az qol vuran iki komandadan biridir.

“APA-Sport”un məlumatına görə, Azərbaycanın ən titullu komandasıyla yanaşı, Tovuzun “Turan” klubunun hücum xəttindəki belə zəif oyunu dünya statistiklərinin gözündən yayınmayıb. Avropalılar dünyanın 87 ölkəsinin 122 liqasında çıxış edən və ən azı 5 görüş keçirən komandaların göstəricilərini müqayisə edib. Cəmi 4 qarşılaşma keçirən MOİK və NBC istisna olmaqla, Azərbaycanın digər 12 klubu da ən azı 5 oyun keçirən 1878 komanda arasında yer alıb.

Andorranın “Santa Koloma” (orta hesabla hər oyuna 3,45 qol), İsveçrənin aşağı dəstə təmsilçisi “Luqano” (3.42) və Estoniya “Flora”sı (3,25) hal-hazırda dünyanın ən məhsuldar klublarıdır.

Ən zəiflər siyahısına isə vaxtilə “Turan”ı çalışdıran Naci Şensoyun komandası başçılıq edir. Bolqarıstan çempionatının ilk 6 turunda cəmi 1 qol vuran “Belasitsa” (0,16) orta məhsuldarlığına əsasən 1878-ci, sonuncu pilləni tutur. Bu komandaya baxıb təsəlli tapan “Neftçi” ilə “Turan” kimi, Almaniyanın “Enerji” və Serbiyanın “Rad” klubları da 5 matçda cəmi 1 dəfə fərqlənib. Bu “dördlüy”ün hər biri dünya “ikinciliyi”nə şərikdir.
0