Quiza sevgidən danışdı
23.09.2008 - 10:50
Quiza sevgidən danışdı
Bakı. Kənan Həsənov - APA-Sport. “Heç İspaniyada bu qədər sevgi görmədim. Məni sanki ürəklərinin içinə aldılar. Hətta “Real”ın belə çılğın azarkeşi yoxdur”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin “Fənərbaxça” klubunun legioneri Daniel Quiza söyləyib.

İspaniya yığmasının heyətində Avropa çempionu olan hücumçu ona güvənənlərin etimadını doğruldacağını bildirib: “Superliqaya yaxşı başlamadıq. Amma heyətimizə görə çempionluğun ən böyük favoritiyik. Mənə güvənənləri də peşman etməyəcəyəm”.

Türkiyədə futbola böyük maraq olduğunu deyən Daniel “Fənərbaxça”da özünü xoşbəxt hiss etdiyini vurğulayıb: “Buraya gəlməmişdən öncə beynim qarışmışdı. Çünki bir sıra klublardan təklif almışdım. Nəticədə Luis Araqonesin işlədiyi komandanı seçdim. Gördüyüm ab-hava məni çox sevindirdi. Türkiyəyə gəlməklə doğru qərar verdiyimi düşünürəm”.

İspaniyalı legioner “Fənərbaxça”nın Çempionlar Liqasında uğurlu nəticələr qazanacağına da əminliyini vurğulayıb: “Portu” ilə debüt matçında zəif oynadıq. Amma ardıcıl iki “ev” matçında qələbə qazanaraq iddialı olduğumuzu göstərəcəyik. Səkkiz oyundur heç bir komanda İstanbulda xal qazana bilmir. Yenə belə olacaq”.
0