Nihat: “İspaniyanın çempion olmasını istədim”
23.09.2008 - 10:56
Nihat: “İspaniyanın çempion olmasını istədim”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Ötən həftəsonu “Numansiya” ilə görüş zədəyə görə 2-3 aylıq fasilədən sonra ilk oyunum idi. Getdikcə səviyyəmi komanda yoldaşlarıma çatdıracağam”. “APA-Sport”un məlumatına görə, bunu İspaniyanın “Vilyarreal” klubunun türkiyəli hücumçusu Nihat Kahveçi deyib.

Çempionlar Liqasını da nəzərə alsaq, təqvimin sıxlığını qeyd edən 29 yaşlı futbolçu əməliyyatdan sonra oynamaq şansının olacağını bildirib: “Bu, mənim üçün yaxşı bir başlanğıcdır. Bunun davamını gətirməyə çalışacağam. Təəssüf ki, son üç ayda üç ağır zədə keçirdim. Ancaq indi vəziyyətimin yaxşı olduğuna inanıram. Həyat yoldaşım, klubum, məni sevənlərin hamısı dəstək olur. Yığmada zədə alsam da, klubum mənə heç narazılıq bildirmədi”.

7 ildir İspaniyada çıxış edən Nihat bu ölkənin yığması ilə qarşıdakı rəsmi oyunların onun üçün önəmli olacağını söyləyib. Hücumçu İspaniyanın son Avropa çempionluğuna çox sevindiyini gizlətməyib: “Qitə birinciliyində biz olmasaq, İspaniyanın çempion olmasını istədim. Sağ olsunlar, onlar məni çox sevirlər. Təbii ki, yığmanın baş məşqçisi Fatih Terim məni dəvət edərsə, sevə-sevə gələrəm. Milli formanı geymək hər futbolçunun arzuladığı şərəfli işdir. Yığmanın oyunlarına hazır olmaq üçün əlimdən gələni edəcəyəm. Avropa çempionatı, yaxud indiki görüşlər – hamısı final oyunlarıdır. İspaniya ilə görüşə qədər xal itirməməliyik. Belə olsaq, tam final matçı olacaq”.
0