700 milyon avroluq çempionat
23.09.2008 - 10:57
700 milyon avroluq çempionat
Bakı. Mehman Süleymanov - APA-Sport. 2012-ci ildə keçiriləcək Avropa çempionatı (AÇ) Ukraynaya 700 milyon avroya başa gələcək. “APA-Sport”un məlumatına görə, həmin il Polşa ilə birgə qitə birinciliyinin final mərhələsini təşkil edəcək bu ölkənin 6 şəhərində futbol arenalarının inşası və yenidən qurulmasına bu qədər pul xərclənəcək. Ən bahalı layihə Kiyevdəki “Olimpiya” stadionu üçün nəzərdə tutulub. Belə ki, ölkənin baş arenasının köklü dəyişikliyinə, 73 minlik tribunaların hamısının üstünün örtülməsinə çəkilən xərc 217 milyon avro təşkil edəcək. “Şaxtyor”un Donetskdəki 50 minlik tutuma malik stadionunun yenidən qurulması 175,8 milyon avro xərc tələb edir. Odessa və Lvovda yeni arenaların tikilməsi müvafiq olaraq 120 və 85 milyon avro məbləğində dəyərləndirilir. Dnepropetrovskda isə yeni stadionun inşası artıq başa çatıb və bu, “Dnepr” klubunun rəhbərliyinə 40 milyon avroya başa gəlib. Ukraynada AÇ-nin görüşləri keçirəcək stadionlar arasında ən ucuzu Xarkovdakıdır. Belə ki, “Metallist”in arenasının yenidən qurulmasına cəmi 5,3 milyon avro lazımdı.
0