Danışılmış oyunların siyahısı hazırlanıb
23.09.2008 - 11:20
Danışılmış oyunların siyahısı hazırlanıb
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA danışılmış oyunların üstünə düşüb. “APA-Sport”un məlumatına görə, bununla bağlı araşdırmaya başlayan qitə futbol qurumu ötən ilin avqustun 27-dən bu yana 25 şübhəli matçın siyahısını hazırlayıb.
UEFA-nın nümayəndəsi Uilyam Qayar artıq bir oyunda sövdələşmənin olduğuna əminliyini ifadə edib: “Bu, “Makedoniya” və “Çerno More” (Bolqarıstan) komandaları arasında avrokuboklarda görüşdür. Sövdələşmə ilə bağlı əlimizdə bütün faktlar olandan sonra onları Nizam-İntizam Komitəsinə göndərəcəyik. Bizdə şübhə doğuran 25 oyunda nəticənin əvvəlcədən razılaşdırılması ilə bağlı informasiya olduğundan, mütləq bunu araşdıracağıq”.

Məsələ ilə bağlı münasibətini bildirən UEFA-nın prezidenti Mişel Platini oyun satan futbolçuların ağır cəzalandırılacağını söyləyib. Onun sözlərinə görə, Avropada danışılmış oyunlara diqqət artırılacaq: “Artıq bizdə matçın qəribə keçməsini xəbər verən sistem işləyir. Bizə siqnal daxil olan araşdırmaya başlayacağıq. Bu məsələdə çox diqqətli olmalıyıq. Əgər matç alınıb-satılırsa, onda ümumiyyətlə, futbol oynamaq nəyə lazımdı? Oyun satan futbolçularla üzləşsək, onlar ömürlük cəzalandırılacaq. Xuliqanlıq və irqçilik hallarında olduğu kimi, oyun satanlar da bağışlanmayacaq”.
0