Demyanenko “Neftçi” klubunda utanırmış
23.09.2008 - 12:15
Demyanenko “Neftçi” klubunda utanırmış
Kiyev. Mehman Süleymanov - APA-Sport. “Hazırda adını çəkmək istəmədiyim Ukraynanın yüksək liqa klubu ilə danışıqlar aparıram”. Bunu “APA-Sport”a müsahibəsində bir ay öncə Bakının “Neftçi” klubunun baş məşqçisi postundan uzaqlaşdırılan ukraynalı Anatoli Demyanenko deyib.

Sabiq komandasının son oyunlarını izləmədiyini vurğulayan Demyanenko haqqında yayılan xəbərlərə münasibət bildirib və “Neftçi” klubundan içkiyə qurşandığına görə qovulmasını iftira adlandırıb: “Siz nə danışırsınız? Mən ümumiyyətlə, spirtli içki içmirəm. Belə olan halda, neçə spirtli içkiyə qurşana bilərəm? Axı mənim Musayevlə münasibətlərim qaydasında olub”.

Demyanenko sərxoş halda avtomobil idarə etməsini gülünclə qarşılayıb: “Mən “Neftçi”də işlədiyim müddətdə xidməti maşınım var idi. Onu da özüm yox, sürücüm idarə edirdi. Bunlar hamısı boş söz-söhbətdir. “Neftçi”dən özüm getmişəm, heç kim məni uzaqlaşdırmayıb. Müqaviləm uzun müddətli odluğuna görə rahatlaşmamışdım. Havayı pul qazanmaq niyyətim yox idi və komanda üçün can yandırırdım. Sadəcə, gördüm ki, perspektiv yoxdur, istefa ərizəmi yazdım. Klub rəhbərliyi ilə hesablaşdıq və anlaşmanı qarşılıqlı razılıqla pozduq”.

Ukraynalı məşqçinin fikrincə, Azərbaycanda işlədiyi müddətdə heç kimlə problemi olmayıb: “Komandada futboldan uzaq adamlar var idi. Klubun ətrafında fırlananları nəzərə tuturam. Futbol incə məsələdir və onu inkişaf etdirmək üçün düzgün iş görmək lazımdır. Hər şey meydançaların tikintisi, uşaq futbol məktəblərinin yaradılmasından başlayır. “Neftçi”nin öz meydanı olmadığı üçün utanırdım”.

Qeyd edək ki, “Neftçi” klubunun sabiq vitse-prezidenti Ramin Musayev Demyanenkonun komandadan uzaqlaşdırılmasını içkiyə qurşanması ilə əlaqələndirib.
0