Silva: “Oyunumuza layiq yer tutduq”
23.09.2008 - 13:28
Silva: “Oyunumuza layiq yer tutduq”
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün AFFA-nın mənzil-qərargahında sentyabrın 18-dən 21-dək Bakıda baş tutan çimərlik futbolu üzrə X Avropa kubokunun yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. “APA-Sport”un məlumatına görə, tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Qustavo Enrike Zlokkovik Silva, yığmanın üzvləri və digər qonaqlar iştirak ediblər.

Konfrans iştirakçılarını azərbaycanca salamlayan braziliyalı məşqçi bildirib ki, Avropa kubokunun nəticəsini milli komandamız üçün uğurlu saymaq olar: “Sevinirəm ki, zəhmətimiz hədər getmədi. Dünyanın ən güclü yığmalarının mübarizə apardığı turnirdə oyunumuza layiq yer tutduq. Yetirmələrimi çempionluğa kökləmişdim. Ancaq finala vəsiqə uğrunda görüşdə İsveçrəyə uduzduq. Məğlubiyyətlə üzləşməyimiz təcrübəsizlik və nizam-intizamın müəyyən qədər aşağı olması ilə bağlı idi”.

Silva yarışın təşkilatçılıq baxımından tarixə düşdüyünü deyib: “Bu dəfəki Avropa kuboku yüksək səviyyədə təşkilat olunduğundan tarixə düşdü. Bakıdakı yarış nə İspaniya, nə İtaliya, nə də Portuqaliyada keçirilmiş analoji turnirlərdən geri qaldı. Yüksək səviyyəli təşkilatçılığa görə, AFFA, həmçinin Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Əcnəbi çalışdırıcı Avropa kuboku ilə əlaqədar AFFA rəhbərliyi tərəfindən ayrılan mükafatın məbləğini açıqlamayıb. “Hər halda, milyonçu olmamışam”, deyən Silva Braziliyada buna oxşar hallara rast gəlinmədiyini vurğulayıb: “Açığı, vətənimdə belə şeylərə öyrəşməmişəm. Vicdanla işlədikdə, pul və nüfuzu avtomatik əldə etmək mümkündür”. Yığmamızla müqaviləsinin müddəti başa çatan braziliyalı Azərbaycanda işini davam etdirmək istədiyini də gizlətməyib.

Yığmanın üzvləri isə çimərlik futbolu ilə “böyük” futbol arasında seçimdən danışıblar. Kapitan Elşad Quliyev deyib ki, əsas məqsəd Azərbaycanın adını ucaltmaqdır: “Bu şərəfə çimərlik futbolu, futzal və ya “böyük” futbolda nail olmağın prinsipial fərqi yoxdur. Ən başlıcası, hansı növdə olursa-olsun, qələbələr qazanıb, bayrağımızı yüksəltməyə çalışırıq”. Futbol üzrə milli komandanın da şərəfini qoruyan Zeynal Zeynalov isə tənqidlə üzləşməsindən narahatlığını büruzə verib: “Karyeramı sırf çimərlik futbolunda davam etdirmək niyyətimdə deyiləm. Ancaq məni tənqid edənləri anlaya bilmirəm. Axı, biz milli komanda üçün oynayırıq”.

Qeyd edək ki, Avropa kubokunda Azərbaycan yığmasından başqa, İspaniya, İsveçrə, İtaliya, İngiltərə və Norveç də qüvvəsini sınayırdı. Qrup mərhələsində İngiltərə (3:1) və İsveçrə (0:5) ilə qarşılaşan milli komandamız daha sonra Norveçi (4:3) üstələyərək, üçüncü yeri tutub.
0