Dünya idmanının ən böyük 10 qalmaqalı
03.10.2008 - 12:38
Dünya idmanının ən böyük 10 qalmaqalı
Bakı. Aqşin Əliyev - APA-Sport. İdman yarışları heç də həmişə əmin-amanlıqla, sülhlə başa çatmır. Bəzi turnirlərdə idmançıların məsuliyyətsizliyi, qaydaları pozması ucbatından azarkeşlərin kefinə soğan doğrayan məqamlara rast gəlinir. Eyni zamanda, şəxsi həyatı ilə gündəmə gəlib, aləmi bir-birinə qatan idmançılar da var. “APA-Sport”un araşdırmalarına əsasən, dünya idmanının 10 ən böyük qalmaqalı aşağıdakı kimidir:

1. 1976-cı ildə Kanadanın Monreal şəhərində keçirilən yay olimpiya oyunlarında irqi ayrı-seçkiliyə yol verən Cənubi Afrika Respublikası və Yeni Zelandiya təzyiqlərə məruz qaldı. Nəticədə Afrika qitəsinin 28 ölkəsi olimpiadaya qatılmaqdan boyun qaçırdı. Analoji hal 4 il sonra Moskva Olimpiadası zamanı da yaşandı. Amma bu dəfə səbəb fərqli idi - SSRİ Əfqanıstanı işğal etmişdi. Bunu narazılıqla qarşılayan ABŞ və onun müttəfiqi sayılan 60 ölkə dünyanın ən mötəbər idman yarışını boykot etdi.

2. Adətən, metrodan işə, dərsə, müxtəlif yerlərə gedərkən yararlanırlar. Ancaq kubalı atlet Rosi Ruiz bu yeraltı nəqliyyat növünə... yarış zamanı minib. O, 1980-ci ildə Boston marafonunda hamını qabaqlayaraq, qızıl medala layiq görüldü. Lakin az sonra Ruizin paxırının üstü açıldı. Demə, başqaları yerin üstündə qan-tər töküb qaçdıqları bir vaxtda, kubalı atlet metroya minərək, öz kefi ilə gedirmiş. Axırıncı stansiyada düşən Rosi finiş xəttinə yalnız 1 km qalmış marafona qoşulub...

3. 2002-ci il Qış Olimpiya Oyunlarının təşkilatçılıq hüququ ABŞ-ın Salt Leyk şəhərinə verilmişdi. İdman ictimaiyyəti bu şəhərin rəqiblərinə sağlam mübarizədə qalib gəldiyini düşünürdü. Ancaq günlərin birində yayılan bir xəbər aydın səmada şimşək effekti yaratdı: Salt Leyk şəhərinin rəhbərliyi 1995-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) münsiflər heyətinin üzvlərini ələ alaraq, təşkilatçılıq hüququnu rüşvətlə qazanıbmış. İşin üstü açılan kimi BOK-un 10 rəsmisi öz postundan qovuldu.

4. Futbolun canlı əfsanəsi Dieqo Armando Maradona... O, dünya idmanının ən böyük qalmaqallarından birinin müəllifidir. Tarix: 1986-cı il; Məkan: Meksika. Dünya çempionatının 1/4 finalında soyuq müharibə şəraitində olan Argentina və İngiltərə yığmaları qarşılaşır. Qapı önünə qaldırılan topa başla zərbə vura bilməyəcəyini görən bəstəboy Maradona topu əllə qapıya göndərir. Hakim mərkəz xəttini göstərəndə isə bütün ingilislər şoka düşürlər. Artıq gec idi. Maradonanın əllə vurduğu qol sayəsində tabloda 1:0 hesabı əks olunmuşdu. Sonralar argentinalı futbolçu həmin epizodda “Tanrının əli”nin köməyini gəldiyini deyərək, eyniadlı mahnı da bəstələdi.

5. 2000-ci il ildə keçirilən yay paralimpiya oyunlarında İspaniya basketbol yığmasının qazandığı qızıl medallar tezliklə geri alındı. Çünki komandanın heyətində yer alan 12 idmançının heç də hamısı fiziki qüsurlu deyildi. İspaniyalılar fırıldaq işlədərək, yarışa 2 sağlam idmançı da aparmışdılar.

6. Boksçu Mayk Tayson “qulaqdişləyən” ləqəbini 1997-ci ildə Evander Holifildə qarşı keçirdiyi döyüşdə qazanıb. O, rəqibin taktikasından əsəbiləşərək, qeyri-adi üsula əl atdı. İki dəfə Holifildin qulağını dişləyən Tayson qarşısındakı idmançını qana buladı. Bu, “Dəmir Mayk”a baha başa gəldi. 31 yaşlı boksçuya texniki məğlubiyyət verilməklə bərabər, 3 milyon dollar cərimələndi və təxminən 15 ay heç bir yarışa buraxılmadı.




7. ABŞ atleti Marion Cons üçün 2000-ci Afina Olimpiadası çox uğurlu alındı. O, müxtəlif məsafələrə qaçışda 3 qızıl medal qazandı. Lakin tezliklə Consun adı dopinq qalmaqalında hallandırıldı. Qərar isə həddən artıq sərt idi. Dərhal gənc atlet bütün qənimətlərindən məhrum olundu. Dopinqdən yararlandığını isə Cons lap sonralar etiraf etdi...

8. “Formula-1” yarışının ən böyük qalmaqalı ötən ilə təsadüf edir. “MakLaren” komandasının üzvləri casusluqda ittiham olunurdu. Belə ki, “MakLaren” mövsümün gedişində əsas rəqibi “Ferrari” barədə məlumatları casusluq yolu ilə toplamağa başlayır. Amma çox keçmir ki, bu komanda ifşa edilir. Qərara əsasən, həmin vaxt turnir cədvəlində birinci yeridə qərarlaşan “MakLaren”in xalları silinməklə yanaşı, komandaya böyük məbləğdə cərimə kəsildi.

9. İsveçli Sven-Qoran Eriksson nə qədər təcrübəli və bacarıqlı məşqçi olsa da, 2004-cü ildə bir qadın onun “saqqızını oğurlamışdı”. Faria Alam adlı bu gözəlçə demə, saman altından su yeridirmiş. O, təkcə İngiltərə yığmasının baş məşqçisi Erikssonla deyil, eyni vaxtda İngiltərə Futbol Assosiasiyasının rəsmisi Mark Paliosla da eşq macərası yaşayırmış. Alam yaşadıqlarını mətbuata açıqladıqdan sonra assosiasiya rəhbərliyi ciddi tədbirlərə əl atdı. Palois bu qadının ucbatından iş yerini itirdi, Erikssona isə xəbərdarlıq olundu...

10. İki il öncə İtaliya futbolunda baş verənlərin tayı-bərabəri yoxdur. “Yuventus” 2005/06 mövsümünün qalibi olsa da, Turin klubunun sevinci uzun çəkmədi. Araşdırmalara başlayan İtaliya hüquq-mühafizə orqanları xeyli futbol məmurunu dindirdikdən, telefon danışıqlarına qulaq asdıqdan sonra “Yuventus”un qızıl medalları halal zəhmətlə qazanmadığını sübuta yetirdi. Bəli, turnirlilər alqı-satqı sayəsində 1-ci yeri tutublarmış. İtaliya məhkəməsi “Yuventus” da daxil olmaqla, 5 komandanı - “Milan”, “Fiorentina”, “Recina” və “Latsio”nu külli miqdarda cərimələdi. Üstəlik, Turin təmsilçisi bir divizion aşağı, B seriyasına göndərildi. Qızıl medallar isə “İnter”ə qismət oldu.


0