“Turan”ın sabiq futbolçusu avtomobilini Andrey Şevçenkonun atasına satıb
03.10.2008 - 14:18
“Turan”ın sabiq futbolçusu avtomobilini Andrey Şevçenkonun atasına satıb
Bakı. Mehman Süleymanov - APA-Sport. “Zədəmi sağaltdıqdan sonra Azərbaycana sığındım. Ancaq elə orada da ciddi xəsarət aldım, ayağımda ön əzələm qırıldı. Bərpa olunmağıma uzun müddət vaxt getdi və sonradan özümə Moskvada komanda tapdım”. “APA-Sport”un məlumatına görə, bunu Tovuzun “Turan” klubunun sabiq hücumçusu Sergey Skaçenko deyib. Karyerasının istənilən kimi alınmamağında zədə və mərhum Valeri Lobanovskini səbəbkar hesab edən 34 yaşlı ukraynalı futbolçu hazırda veteranlar arasında çıxış edir: “Pasportuma baxıb, öz-özümə fikirləşdim: əgər xəstəliyimin tarixçəsindən tibbi ensiklopediya düzəltmək olarsa, bundan sonra 34 yaşında futbol oynamağın nə mənası var? Belə olan halda, Moskva liqasında 35 yaşlı veteranlardan ibarət komandada peyda oldum. Yayda yaşıl meydanda, qışda manejdə oynayırıq. Son aylarda 3-4 kq artıq çəki yığsam da, bu problemi də tezliklə aradan qaldıracağam”.

İlk avtomobilini həmyerlisi Andrey Şevçenkonun atasına satan Skaçenko həyat yoldaşı ilə Qazaxıstanda yüngül atletika manejində məşq edərkən tanış olduğunu deyib. İdman rejimi, spirtli içkilərlə bağlı problemi olan Sergey kazinolara da tez-tez baş çəkirmiş: “Qumara elə də aludə olmamışdım. Kazinoda olarkən rahat nəfəs alırdım. Ancaq həmişə uduzmağın həddini bilirdim. 200 dollardan yuxarı heç vaxt uduzmamışam. Sonuncu fişka əlimdən çıxanda, durub kazinonu tərk edirdim. Bir dəfə 500 dollar uddum. Dayandım, pulu götürüb, evə getdim”.

Qeyd edək ki, Skaçenko “Turan”da 2004/05 mövsümünün ilk yarısında, türkiyəli mütəxəssis Naci Şensoyun rəhbərliyi altında çıxış edib.
0