Belçika klubları Ponomaryovla maraqlanır
08.10.2008 - 11:24
Belçika klubları Ponomaryovla maraqlanır
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan milli komandasının futbolçusu Anatoli Ponomaryov hazırda şərəfini qoruduğu İsveçin “Degerfors” klubundan ayrıla bilər. Bunu “APA-Sport”a Pomomaryov özü deyib. 26 yaşlı yarımmüdafiəçi 21 xalla yarış cədvəlinin sonuncu pilləsində qərarlaşan “Degerfors”un ikinci diviziona yuvarlanacağı təqdirdə, karyerasını başqa komandada davam etdirəcəyini bildirib.

“Turnir cədvəlindəki vəziyyətimiz ürəkaçan deyil. Təbii ki, birinci divizionda yerimizi qorumağa çalışırıq. Əgər bu istəyimiz reallaşmasa, “Degerfors”dan ayrılacağam” - deyə Ponomaryov vurğulayıb. Gənc futbolçu İsveçin yüksək divizion, eləcə də Belçika klublarından təklif aldığını söyləyib: “Təkliflər çoxdur. Ancaq konkret hansı komandaların mənimlə maraqlandığını sirr saxlayıram”.

Olimpiya çempionu İqor Ponomaryovun oğlu olan Anatoli Azərbaycanla bağlı da danışıb. O, bir daha milli çempionatımızda oynamaq istəmədiyini deyib: “Açığı, bura qayıtmaq fikrində deyiləm. Məqsədim perspektivli klublarda çıxış etməkdir”.

Qeyd edək ki, İsveçdə böyüyüb-başa çatan Ponomaryov indiyədək bu ölkə ilə yanaşı, Yunanıstan, İspaniya və Lixtenşteyndə legioner həyatı yaşayıb. Yarımmüdafiəçi bir neçə il öncə Azərbaycanda “Bakı”, “Qarabağ” və “İnter” klublarının da şərəfini qoruyub.
0