Hakimlərimiz “ulduz xəstəliyinə” tutulub?
08.10.2008 - 18:15
Hakimlərimiz “ulduz xəstəliyinə” tutulub?
Bakı. Mehman Süleymanov - APA-Sport. “Hakimlərimizə mövsüm öncəsi yüksək səviyyəli təlim-məşq toplanışı keçsək də, problemlər hələ qalmaqdadır. Bu, ilk vaxtlar olduğu kimi, fiziki hazırlıq, artıq çəki ilə bağlı deyil”. Bunu “APA-Sport”a açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Hakimlərimizlə bağlı iki problemin olduğunu deyən komitə başçısı ilk öncə psixoloji hazırlığa toxunub: “Reytinqdə 1-ci hakim qismində Fariz Yusifova “Bakı” - “Olimpik” görüşünü tapşırdıq. Ancaq FİFA hakimi psixoloji cəhətdən buna hazır deyildi. Söhbət heç də Farizin “Olimpik”in futbolçusu Nizami Hacıyevə ikinci sarı vərəqəni düzgün göstərməməsindən və “Bakı”nın üçüncü qolunda Fabio Luis Ramimin əllə oynamasından getmir. Yusifov hələ “Bakı”nın qapısına təyin etdiyi aşkar penalti ilə bağlı tərəddüd edirdi. Əgər kimsə həmin anda Farizin qulağına penalti qərarının yüz faiz doğru olduğunu pıçıldasaydı, o, özünə inamı artırıb, oyunu yüksək səviyyədə idarə edəcəkdi”.

Məmmədovun sözlərinə görə, hakimlər üçün psixoloqların dəvət edilməsi problemlərin tam həlli demək deyil: “Psixoloqların 1-2 saatlıq məşğələləri müsbət effekt versə də, bununla hər şeyin qaydasına düşəcəyinə ümid etmək olmaz. Hakimlərin özlərində qətiyyət olmalıdır. Onlar meydanda hərəkətləri ilə sözlərinin, qərarlarının ağası olduqlarını nümayiş etdirməlidirlər”.

İkinci problemin vərəqələrin verilməsi ilə bağlı olduğunu deyən komitə sədri bildirib ki, hakimlərdən sərt oyuna üstünlük vermək, hər xırda cərimələrlə matçın tempini aşağı salmamaq tələb olunur: “Matç zamanı nizam-intizama düzgün qiymət vermək lazımdır. Bəzən hakim meydanın mərkəzində yersiz vərəqə göstərir, ancaq cərimə meydançasında təhlükəli epizod zamanı bunu etməkdən çəkinir. Elə hallar da olur ki, hakimlərimiz özlərini göstərməyə, gündəmə gəlməyə çalışırlar. Halbuki, hakim meydanda necə deyərlər, gözə görünməməlidir. Cari mövsümdə bütün keçirilən oyunlarda vərəqə göstərilən epizodlar videolentə çəkilib. Bununla əlaqədar seminar keçirərək, vərəqələrin verilməsi qaydalarını müzakirə etməyi planlaşdırmışıq”.

Məmmədov Premyer Liqanın son turunda ciddi səhvlər buraxmış Yusifovla bağlı cəza qərarının sabah qəbul olunacağını söyləyib: “Dünən son turun müzakirəsinə dair yığıncağımız axşam saat 8-dək davam etdiyindən, Farizin məsələsini bu günə saxladıq. Bu gün isə komitəmizin iki üzvü üzrlü səbəbdən iclasa gələ bilmədi. Belə olan halda, toplantını sabaha təxirə saldıq”.
0