“Olimpiya” stadionu finlərə düşmür
09.10.2008 - 14:32
“Olimpiya” stadionu finlərə düşmür
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Oktyabrın 11-də Azərbaycanı qəbul edəcək Finlandiya yığması üçün qarşılaşmanın keçiriləcəyi “Olimpiya” stadionu uğursuz sayılır. “APA-Sport”un məlumatına görə, skandinaviyalılar son 4 ildə ölkənin bir nömrəli stadionunda cəmi iki qələbə qazanıb. Bu müddətdə 11 dəfə meydan sahibi qismində “Olimpiya” stadionuna çıxan Finlandiya 4 dəfə heç-heçəylə kifayətlənərək, 5 dəfə məğlub olub.

“Suomi”nin bu arenadakı son qələbəsi də Azərbaycan yığmasının ayağına yazılıb. 2005-ci ildə Hollandiyaya 4, Rumıniyaya 1, Çexiyaya 3 cavabsız qolla uduzun Finlandiya yığması həmin arenada heç qol da vurmayıb. 2006-cı ildə İrlandiya və Portuqaliya da Helsinkidəki stadionu məğlubiyyətsiz tərk edib. Britaniyalılar 2:1 hesablı qələbə qazanıbsa, pireneylilər 1:1-lik bərabərliklə kifayətlənib.

Ötən il Serbiya (0:2), Polşa (0:0) və İspaniya (0:0) yığmaları ilə sülh bağlayan finlər iki dəfə qələbə qazanıb. Onlar Belçikanı 2:0, Azərbaycanı isə 2:1 hesabı ilə üstələyib. Finlandiya yığması 2008-ci ildə yalnız bir dəfə “Olimpiya” stadionuna ayaq basıb ki, həmin oyunda da Almaniya ilə heç-heçə qeydə alınıb – 3:3.
0