Foqts: “Azərbaycanda işləmək çox çətindir”
09.10.2008 - 14:50
Foqts: “Azərbaycanda işləmək çox çətindir”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Almaniya, Küveyt, Şotlandiya və Nigeriya ilə müqayisədə Azərbaycan yığmasında işləmək daha çətindir”. “APA-Sport”un məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Alman çalışdırıcı Azərbaycandakı fəaliyyətini 90-cı illərdə Almaniya yığmasının baş məşqçisi olduğu vaxtla müqayisə edib: “Özümü elə hiss edirəm ki, sanki məni 90-cı illərə atıblar və məşqçiliyə yenidən başlayıram. Futbolun dirçəlişinə yenidən təməldən başlayıram və bu, mənə zövq verir”.

Foqts yığmamızın sükanı arxasında olsa da, vəzifəsi təkcə baş məşqçi funksiyası ilə məhdudlaşmır. Millinin məşq prosesi ilə yanaşı, ölkədə uşaq futbolunun inkişafına və gənc istedadların axtarışına cavabdeh olan Foqts üzərinə düşən vəzifədən razıdır: “AFFA rəhbərliyi ilə söhbətimdən sonra məni əvvəldən nə gözləyəcəyini bilirdim. Oyunların birini izləyəndən sonra başa düşdüm ki, mən yaxın 5 ildə böyük dəyişiklər olan ölkədə işləyəcəyəm. Azərbaycan futbolda dəyişiklərə açıq olan bir ölkədir. Bizə yeni stadionlar tikmək vacibdir. Klubların yeniyetmə akademiyaları olmalıdır ki, burada gənc futbolçular yetişsin. Ümid edirəm ki, yaxın iki ildə hər klubun 15, 17 və 19 yaşlı futbolçuların çıxış etdiyi komandalar olacaq. Hər klubun öz bazası və stadionunun olması mütləq şərtdir. Bütün çətinliklərə baxmayaraq, bu layihədə iştirak etdiyimə görə şadam”.

Baş məşqçi bildirib ki, yığmaya oyunçuların seçiminə üç həftə vaxt sərf edib və çoxlu videoyazılar izləyib. O, bölgələrimizə səfərini belə xarakterizə edib: “Azərbaycanı gəzərkən ölkə kubokunun sahibi “Xəzər-Lənkəran”ı iş başında görmək üçün İranla sərhədə kimi gedib çıxdım. Sonradan digər klubların məskunlaşdığı Gürcüstanla sərhədə qədər uçdum. Milli komandaya dəvət edilən futbolçular üçün xüsusi proqram hazırlamışdıq. Buna əsasən AFFA-nın mənzil-qərargahında tibbi müayinədən keçməli olan futbolçular haqda bütün lazımı informasiyaları əldə etdik. Bu, komandanın məşqçilərinin futbolçuları inkişaf etdirmək üçün vacib idi. Ancaq işimizin bəhrəsi çox sonradan görünəcək. Axı bütün bunlara vaxt lazımdır”.

Azərbaycanlı futbolçulardan çox şeyi tələb etdiyini gizlətməyən Foqts yığmamızı 3-4 ildən sonra rəqabətə davamlı, qrupdan çıxmaq şansı olan komanda kimi görmək istəyir: “İndiki vaxtda bizə güc çatmır. Həm də nəzərə almaq lazımdır ki, çətin qrupa düşmüşük. Ancaq sərəncamımda gənclər yığmasından cəlb etdiyim altı istedadlı futbolçu var. Bir neçə ildən sonra böyük turnirlərin final mərhələsinə çıxmağa iddia edəcəyimiz istisna deyil”.
0