Roberto Karlos Araqonesin müdafiəsinə qalxdı
09.10.2008 - 16:18
Bakı. Mehman Süleymanov - APA-Sport. “Uğursuz çıxışımızın səbəbi hazırlıq dönəminə pis başlamağımızdır. Hazırlığa güclü yağışlar yağan Avstriyada start götürdük və məşq üçün münasib şərait tapa bilmədik. Bərbad təşkilatçılıq vardı”. “APA-Sport”un məlumatına görə, bunu Türkiyənin “Fənərbaxça” klubunun braziliyalı futbolçusu Roberto Karlos İspaniya mətbuatına müsahibəsində deyib. Onun sözlərinə görə, baş məşqçi Luis Araqonesin hazırlıq üçün başqa yer tapılması barədə tələbinə məhəl qoyulmayıb. Karlos istefa verməli olduğu söylənilən 70 yaşlı ispan mütəxəssisin müdafiəsinə qalxıb: “Araqonesin üzərimizdəki təzyiqə rəğmən, “mən gedirəm” deməyəcəyinə qəti əminəm. Bu üzdən rahatam. Araqones böyük insan, centlmendir. O, komandaya nə verməyin lazım olduğunu bilir. Bu, Luisin xarakterindədir və ona sevgi ilə “dədə” deyirik. Araqones futbol haqda çox şeyi bildiyindən, burada hər şeyi dəyişəcək. Çünki Türkiyədə futbol İspaniyada kimi çətin deyil. Mətbuat isə Araqonesə təzyiq edir. Onlar kənarda yaşayaraq, maksimum istəyirlər”.
0
0