Mustafa Dənizli: “İlk dəfə məktəbə gedən uşaq kimi həyəcanlıyam”
10.10.2008 - 10:37
Mustafa Dənizli: “İlk dəfə məktəbə gedən uşaq kimi həyəcanlıyam”
Bakı - APA-Sport. “Beşiktaş” rəhbərliyi baş məşqçi postuna gətirilən Mustafa Dənizli ilə rəsmi müqavilə imzalayıb. “APA-Sport”un məlumatına görə, 59 yaşlı mütəxəssis İstanbul klubu ilə bir illik razılaşma bağlayıb. İmzalanma mərasimindən sonra Dənizli maraqlı açıqlamalar verib.

Türkiyə yığmasının sabiq baş məşqçisi həyəcanlı olduğunu gizlətməyib: “Beşiktaş”ın bazasına girəndə, ilk dəfə məktəbə gedən uşağın keçirdiyi həyəcanı yaşadım. Futbolçu karyeramda bu kluba gələ bilmədim. Ancaq bu gün “Beşiktaş”ın baş məşqçisi qismində həyatımın ən önəmli vəzifələrindən birinin icrasına start verirəm. Məndən nələr gözlədiklərini bilirəm. Komandamın uğurları üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Yeni vəzifəsində Dənizliyə 3 məşqçi yardımçı olacaq. Bunlar Tayfur Havutçu, Stefano Moreno və qapıçılarla işləyən Zəfər Öğerdir. “Beşiktaş”ın keçmiş kapitanı Sərgən Yalçının Dənizli ilə birgə işləməsinə əngəl yaranıb: “Klub prezidenti Yıldırım Dəmirörən də Sərgən Yalçının məşqçilər korpusunda yer almasına razılaşmışdı. Ancaq məşqçilik kurslarını təzəcə bitirən Sərgənin lisenziyası yoxdur. Bu səbəbdən Türkiyə Futbol Federasiyası onun “Beşiktaş”da çalışmasına icazə vermədi”.

Dənizli tezliklə “ağ-qaralı” klubda islahatlara başlayacağını vurğulayıb. O, dövrələrarası fasilədə xorvatiyalı Antoni Seriç başda olmaqla, bir neçə futbolçu ilə yollarını ayıracaqlarını söyləyib. Çalışdırıcı, həmçinin bildirib ki, yaxın 2 həftə ərzində “Beşiktaş” futbolçularının mətbuatla ünsiyyətinə məhdudiyyət qoyulacaq: “Bu o demək deyil ki, əlaqə yaratmağa qəti imkan verilməyəcək. Sadəcə, futbolçularla çox az ünsiyyətdə olacaqsınız. Çünki qarşıdakı 2 həftəni köməkçilərimlə birgə komanda üzvlərini tanımağa həsr edəcəyəm”.

Qeyd edək ki, Dənizli oktyabrın 7-də baş məşqçi postundan istefa vermiş Ərtoğrul Sağlamın xələfi sayılır.
0