[b]Böyükağa Hacıyev şübhəli oyun haqda: ...özüm vermişəm[/b]
14.04.2015 - 12:00
[b]Böyükağa Hacıyev şübhəli oyun haqda: ...özüm vermişəm[/b]

“Qol” verilişində səsləndirdiyim fikirləri bəzəyirlər. Mən saytlarda yazıldığı kimi yox, başqa cür demişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

 

Mütəxəssisin dünən “Space” telekanalında yayımlanan “Qol” verişində dediyi fikir rezonans doğurub.

 

Hacıyevin cari mövsümün ilk turunda “Neftçi”nin “Araz Naxçıvan”a 0:3 hesabı ilə uduzduğu matç haqda səsləndirdiyi sözlər heç də birmənalı qarşılanmayıb. Verilişindən sonra Hacıyevin komandasının həmin görüşdə bilərəkdən uduzması ilə bağlı söz-söhbətlər yaranıb.

 

Bununla bağlı danışan “Zəif” ləqəbli məşqçi ittihamları qəbul etməyib: “Yazılanlardan xəbərim var. Mən verilişdə dedim ki, 15 il “Araz Naxçıvan”ın kapitanı olmuşam, heç vaxt ona qarşı komanda çıxara bilmərəm. Fikrimi bəzəyib, başqa cür yazıblar. Guya demişəm ki, oyunu özüm vermişəm. Elə şey ola bilməz, mən heç vaxt oyun vermərəm. Nə də heç bir futbolçuya deməmişəm ki, çıxın, oyunu verin. Sadəcə, həmin vaxt Avrokubok çərçivəsində matçımız var idi. Səhv etmirəmsə, “Çixura” ilə qarşılaşmalıydıq. Bu səbəbdən mən və komandanın 8 futbolçusu Naxçıvana getməmişdik”.

 

Verilişin aparıcısı Tural Xudiyev və ekspert kimi iştirak edən jurnalist Amal Abuşovla da əlaqə saxladıq.

 

Məsələ ilə bağlı geniş danışmaq istəməyən Xudiyev qərar verməyi tamaşaçıların ixtiyarına buraxıb: “Biz verilişdən sonra nəticə çıxarmağı xoşlamırıq. Nəsə deməyim düz çıxmaz. Televiziya güzgüdü, onsuz da hər şeyi camaat görür. Böyükağa müəllimin nə demək istədiyini özü daha yaxşı bilir. Verilişin videosu var və kimə bu məsələ maraqlıdısa, baxa bilər”.

 

Xudiyevdən fərqli, Abuşov verilişdə səslənən həmin fikir barədə danışıb: “Söhbət belə oldu. Tural Xudiyev Böyükağa müəllimə “Sizə elə gəlmir ki, “Neftçi”dəki problemlər sizin vaxtınızdan başlamışdı” sualını verdi. O da cavabında dedi ki, mənim vaxtımda “Neftçi”də problem olmayıb, missiyamı başa vurduqdan sonra komandadan getmişəm. Onda mən xatırlatdım ki, bəs sizin vaxtınızda “Neftçi” “Araz Naxçıvan”a 0:3 hesabı ilə uduzmuşdu. Dedi bir şeyi unutmayın, mən 15 il o komandanın kapitanı olmuşam, buna görə də “Araz Naxçıvan”ı orda uda bilməzdim. Söhbətin davamında Tural soruşdu ki, onda futbolçulara Naxçıvana məğlub olmaq üçün getdiklərini demişdiz? Böyükağa müəllim də qayıtdı ki, futbolçulara nəsə deməyə ehtiyac yox idi, onlar onsuz da bilirdilər ki, mən 15 il o komandanın kapitanı olmuşam. Söhbət bu cür olub”.

 

 

0