Avropa Liqasının pley-off mərhələsinin püşkü Azərbaycan və Sloveniya klublarını 6-cı dəfə üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, “Qəbələ” və “Maribor”a qədər iki ölkə təmsilçiləri 5 dəfə qarşılaşıb.
Bu duellərdən 4-də balkanlılar mərhələ keçibsə, çətin rəqib sindromu qıran “Neftçi” 2 il öncə “Koper” səddini adlayıb. Bakılılar bunadək iki dəfə sloveniyalıların gücünə şahid olublar. “Bakı” və “Şəfa”da bu ölkə təmsilçiləri önündə aciz qalıb.
5 duel çərçivəsində baş tutan 10 matçda cəmi 2 qələbəmiz var. “Neftçi” 2000-ci ildə “HİT Qoritsa”nı evdə 1, 2014-cü ildə “Koper”i səfərdə 2 cavabsız qolla məğlub edib. “Ağ-qaralar”ın “HİT Qoritsa” ilə 2001-ci, “Bakı”nın isə “Mura” ilə 2012-ci ildəki qolsuz heç-heçələri də var. Digər 6 oyunda isə sloveniyalılar qalib gəlib. Ümumi top fərqində 5 qol vuran komandalarımız 15-ni buraxıb.
“Qəbələ” avrokuboklarda sloveniyalılarla üz-üzə gəlməsə də, bir neçə dəfə təlim-məşq toplanışı üçün bu ölkəyə yollanıb. Təmsilçimiz yerli klublarla yoxlama matçları da keçirib ki, 2014-cü il iyunun 26-dakı rəqib məhz “Maribor” olub.
2 il öncə avrokuboklarda debütə hazırlaşan “Qəbələ” Dorinel Muntyanunun baş məşqçi olduğu vaxtda bu rəqibi 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Ruslan Abışovun ötürməsindən sonra Rafael Santos baş zərbəsi ilə vurub. Həmin qarşılaşmadakı heyətdən yalnız elə braziliyalı ilə Elvin Camalov yenə “Maribor”la görüşəcək.
2000/01, UEFA kuboku
“Neftçi” – “HİT Qoritsa” (Sloveniya) – 1:0, 1:3
2001/02, UEFA kuboku
“Neftçi” – “HİT Qoritsa” (Sloveniya) – 0:0, 0:1
“Olimpiya” (Sloveniya) – “Şəfa” – 4:0, 3:0
2012/13, Avropa Liqası
“Bakı” – “Mura” (Sloveniya) – 0:0, 0:2
2014/15, Avropa Liqası
“Neftçi” – “Koper” (Sloveniya) – 1:2, 2:0