Kifayət Qasımova: “Mənə göstərilən qayğı ürəyimcə deyil” - FOTO
15.04.2008 - 13:26
Kifayət Qasımova: “Mənə göstərilən qayğı ürəyimcə deyil” - FOTO
- Ötən il olduğu kimi, bu dəfə də Avropa çempionatını üçüncü yerdə başa vurdunuz. Göstərdiyiniz nəticədən razı qaldınizmı?
- Yox. Mən ən azı finala vəsiqə qazanmalı idim. Son iki qitə çempionatını müqayisə etsək, bu dəfə yarış asan oldu. Yəqin ki, olimpiada qabağı olduğundan bəzi güclü cüdoçular heç Portuqaliyaya gəlməmişdilər.
- Bəs nəticəni yaxşılaşdırmağa nə mane oldu?
- Çempionatdan iki həftə öncə Zağulbada keçirilən təlim-məşq toplanışında çiyin nahiyəmdən ciddi zədə almışdım. Bu müddət ərzində demək olar, məşq etmirdim. Məhz bu səbəbdən formadan düşdüm. Qitə birinciliyində real gücümün yalnız yarısından istifadə edə bildim.




- Avropa çempionatında ən çətin görüşünüz hansı oldu?
- Yarımfinalda avstriyalı Sabrina Filzmoserlə görüşü ən çətin hesab edirəm. Mübarizənin sonunda çox yorulmuşdum. Bilirdim ki, rəqibim parterdə yaxşı güləşir. Buna baxmayaraq, yorğunluq ucbatından parterə düşdüm və görüşün qurtarmasına 5 saniyə qalmış məğlubiyyətlə üzləşdim.
- Xanım idmançı üçün belə yad yerlərdə tatami üzərinə çıxmaq nə dərəcədə çətindir?
- Bir o qədər də çətin deyil. Səfərlərə çıxmaq, yad ölkələrə yollanmaq bizə problem yaratmır. Ancaq kişilərdən fərqli, qadınların çətinliyi yalnız güləşməklə bağlıdır. Çünki cüdo ağır idman növüdür. Biz tatamidə balet göstərmərik, əvvəldən axıradək mübarizə aparırıq. Həm də cüdoya görə şəxsi məsələlər arxa planda qalıb. Az öncə ailə qurmaq istəsəm də, fikrimdən daşındım. İndi bütün diqqətimi Pekin Yay Olimpiya Oyunlarına yönəltmişəm. Artıq 13 ildir, bu idman növü ilə məşğul oluram. Bu qədər əziyyətdən sonra ailə qurub idmanı yarımçıq tərk edən deyiləm ki?!
- Nə vaxtsa cüdodan bezmisiz?
- Belə hallar olub. Xüsusilə, çəki salmaq həddən artıq bezdiricidir. Bəzən çəki salarkən o qədər yoruluram ki, cüdodan ayrılmaq istəyirəm. Bir də yarışlar zamanı yorğunluq hiss edilir. Məsələn, Avropa çempionatının yarımfinalında elə yorulmuşdum ki, dişlərimin dibi də sancırdı.
- Yəqin, karyeranı bitirmək haqda düşündüyünüz vaxtlar da olub?
- Bir vaxtlar cüdodan ayrılmaq niyyətində idim. Ancaq tədricən hiss elədim ki, mən cüdosuz yaşaya bilmərəm. Olimpiadadan sonra karyeramı başa vuracağım istisna deyil.




- Yay Olimpiya Oyunlarında nəyə ümid edirsiniz?
- Zədələnməsəm, yaxşı formada olsam, yaxşı nəticə göstərəcəyimə inanıram. İnşallah, var gücümlə güləşəcəyim təqdirdə, mükafatçılar sırasında yer alacağam.
- Olimpiadada ilk dəfə mübarizə aparacaqsınız. Təcrübəsizlik sizə maneçilik törədə bilərmi?
- Elə idmançılar var ki, Yay Olimpiya Oyunlarında zəif çıxış etmələrinin səbəbini həyəcanlı olmaları ilə əlaqələndirirlər. Mən isə heç bir yarışda həyəcan hissi keçirmirəm. İstər dünya çempionatında, istərsə də olimpiadada rəqiblər eynidir. Necə deyərlər, onlara öyrəşmişəm. Birinci dəfə dünya çempionatına qatılanda həyəcan yaşamadım. Mənə elə gəlir ki, olimpiadada da belə olacaq.
- İlin böyük hissəsini təlim-məşq toplanışlarında, turnirlərdə keçirirsiniz. Bu zəhmətin müqabilində göstərilən qayğıdan razısızmı?
- Qətiyyən. Mənə göstərilən qayğı ürəyimcə deyil. Məsələn, Azərbaycanda güləşçilərə diqqət var. Halbuki, biz onlardan nə əskiyik, nə də artıq.
- Şikayətiniz konkret kimlərdəndir?
- Mən bir müddət Rusiyanın Tver şəhərində yaşamışam. Orada şəhər rəhbərliyi tərəfindən cüdoçulara diqqət və qayğı var idi. Burada isə yalnız federasiya rəsmiləri bizim zəhmətimizi qiymətləndirir. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsindən bizi qəbul edən yoxdur. Paytaxtın icra başçısı Rafael Allahverdiyev olanda bizi bir neçə dəfə qəbul edib, problemlərimizin nədən ibarət olduğunu soruşub. Hacıbala Abutalıbov isə bircə dəfə də olsun, cüdoçularla görüşməyib. Açıq-aşkar görünür ki, cüdoçular onu maraqlandırmır. O, bizi də nəzərə almalı, müəyyən problemlərin həlli üçün köməyini əsirgəməməlidir.
- Bildiyimə görə, artıq klubunuzu da dəyişmisiniz...
- Bəli. Şərəfini qoruduğum Ukrayna klubu Avropa çempionatında uğursuzluq yaşadığından dağıldı. Daha sonra Türkiyənin “Trabzonspor” klubu ilə müqavilə bağladım. Yeni komandamda avqustun axırlarında debüt edəcəyəm.
- Lissabon necə, xoşunuza gəldi?
- Əlbəttə. Avropa şəhərlərinin əksəriyyəti kimi Lissabon da gözəldir. Həm təmiz, həm də qayda-qanunun riayət olunduğu şəhərdir.
- Lissabondan Bakıya əliboş qayıtmayacağını nə vaxt hiss etdiniz?
- Püşkün nəticəsi mənim üçün yaxşı idi. Əsas iki rəqibim var idi ki, onlardan da biri qrup mərhələsində mübarizəni dayandırdı. Digər rəqibimə isə yarımfinalda məğlub oldum.
- Azərbaycan mentalitetində zərif cinsin idmanla məşğul olmasına heç də müsbət yanaşılmır. Təsadüfən belə problemlə üzləşməmisiniz?
- Düzdür, əvvəllər ailəm cüdoçu olmağıma etiraz edirdi. İndi hamı məni dəstəkləyir, mənimlə fəxr eləyir. Çox sağ olsunlar, anam, bacılarım kömək edirlər, qulluğumda dayanırlar. Onlar Pekin olimpiadasından sonra karyeramı başa vurmağı istəyirlər.
- Məşqçilərin barədə nə deyə bilərsən?
- Həm Ağayar Axundzadə, həm İbadulla Şabanovdan razıyam. Hərdən deyirlər ki, müəllimlərini dəyiş. Bu söz mənə qəribə gəlir. Çünki başqa müəllimi onların əvəzinə təsəvvür edə bilmirəm.
- İdmançı kimi ən zəif cəhətiniz hansıdır?
- Tənəffüs sistemindəki problemlərim. Əgər tam sərbəst nəfəs ala bilsəm, inanmıram ki, kiməsə uduzum. İdmançıya məxsus olan hər şeyim - gücüm, texnikam, təcrübəm var. Amma sərbəst nəfəs ala bilmədiyimdən hərdən elə yoruluram ki, fənd işlətməyi bacarmıram.
- Bəs məğlubiyyətləri necə həzm edirsiniz?
- Belə arzuolunmaz hissləri daxilimdə yaşayıram. Nə ağlayıram, nə də divarı yumruqlayıram. Sadəcə, özümə qapanıram. Yarımfinaldakı məğlubiyyətdən sonra pis olmuşam. Çempionatdan 3 gün keçməsinə baxmayaraq, hətta bu gün də yarımfinal görüşü haqqında düşünmüşəm. Gərək fənd işlədən kimi parter vəziyyətinə düşməmək üçün tez ayağa durardım... Daha beş saniyə dözüb finala çıxacaqdım...




- Karyeranda ən böyük arzunuz nədir? Qarşınıza hansı məqsədi qoymusunuz?
- Yay Olimpiya Oyunlarının mükafatçısı olmaq. Açığı, olimpiadada qazanacağım medalın əyarının mənim üçün fərqi yoxdur. Şübhəsiz, istənilən idmançı olimpiya çempionu olmağı arzulayır. Lakin olimpiadada 2-ci və ya 3-cü yerə çıxsam, qızıl medal qazana bilmədiyimə görə təəssüflənmərəm.
- Avropa çempionatında qazandığınız bürünc medalı kimə həsr edirsiniz?
- Heç kimə. Medal özümündür də.

0