Eduard Məmmədov: “Bir daha Azərbaycan çempionatına qatılmayacağam”
22.04.2008 - 10:38
Bakı. Elşən Məmmədov - APA-Sport. “Bir daha Azərbaycan çempionatında çıxış etməyəcəyəm. Ölkə birinciliyi vaxtı hakim kimi döyüşləri idarə edəcəyəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında kikboksinq üzrə 7 qat dünya çempionu Eduard Məmmədov deyib. 60 kq çəki dərəcəsində çıxış edən E.Məmmədov bildirib ki, az öncə başa çatan Azərbaycan çempionatının finalında onu Elnur Dəryagirə hakimlər uduzdurub: “Məni istəyənlər qədər istəməyənlər də var. Final döyüşümü idarə edən hakimlər çox zəif, səviyyəsiz idilər. Rayonlardan gəlmişdilər, boks və kikboksinqin fərqini anlamırdılar. Elə başa düşürdülər ki, kikboksinq yalnız başa vurulan zərbələrdən ibarətdir. Ayaqla rəqibə endirdiyim zərbələri hesaba almırdılar”. İndiyədək böyüklər arasında 12 dəfə ölkə çempionatının qalibi olan idmançımızın sözlərinə görə, ona qarşı haqsızlıqdan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev də narazı qalıb. Nəticədə 60 kq çəkidə qızıl medallar həm E.Dəryagirə, həm də E.Məmmədova verilib. 4-12 mayda Kiprin Limasol şəhərində keçiriləcək WPKA versiyası üzrə dünya çempionatına da məhz titullu kikboksçumuz aparılacaq. E.Məmmədov onu da bildirib ki, ölkə birinciliyinə federasiya rəhbərliyinin xahişi ilə qatılıb.
0
0