“Fərq hazırlığımızda, biliyimizdədir” - MÜSAHİBƏ
19.04.2012 - 11:26
“Fərq hazırlığımızda, biliyimizdədir” - MÜSAHİBƏ
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Hüseynzadə Bakının 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına sifariş verməsinin səbəblərini açıqlayıb və şanslarımızı dəyərləndirib.

- Azərbaycanın 2020-ci il Olimpiadasına ev sahibliyi etmək uğrunda mübarizə aparmaq istəyi nə ilə bağlıdır?
- Hələ 2016-cı il Yay Olimpiya Oyunlarına sifariş ərizələrinin verilməsinə start veriləndə, Bakı namizədliyini irəli sürdü. Ona görə də təbii ki, biz Olimpiada-2020-yə də namizədliyimizi verdik. Ötən kampaniya dövründə Olimpiadanı Bakıda keçirmək istəyimiz böyük idi. Fikrimcə, 2020-ci ildə alınmasa, 2024, 2028 və belə gedişlə namizədliyimizi irəli sürməkdə davam edəcəyik. Yəni, Olimpiya Oyunlarını keçirməyə hüququnu əldə edənədək mübarizəmizi davam etdirəcəyik.

- Bakı üçün Olimpiya Oyunlarını keçirmək niyə belə vacibdir?
- SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra idman Azərbaycanda intensiv inkişaf etməyə başladı. Mərhum prezidentimiz Heydər Əliyev idmana xüsusi diqqət ayırırdı. Hazırda Milli Olimpiya Komitəsinə (MOK) rəhbərlik edən İlham Əliyev də Olimpiya Hərəkatını yaxşı bilir. Əliyev bu qurumun prezidenti olmaqla, bütün imkanları, bütün müsbət və mənfi cəhətləri öyrəndi və qərara gəldi ki, MOK-un prezidenti kimi İcraiyyə Komitəsində Olimpiada-2016-ya namizədliyini irəli sürsün. Əlbəttə, bizim təcrübəmiz yox idi. Bu, sadəcə, istək idi və nədən başlayacağımızı bilmirdik. Ancaq bu bizim üçün böyük təcrübə oldu, müəyyən bilik əldə etdik. Ona görə də Olimpiada-2020-yə namizədliyimizi irəli sürməyimizi təbii proses sayıram.

- Əgər bu 2 sifarişi müqayisə etsəniz, hansı fərqlər yaranıb?
- Birincisi, biz nəyi necə etməyi başa düşdük, büdcəmizi xeyli artırdıq. Çox məsələləri birbaşa sifarişdə iştirak edərək, öyrəndik. Başa düşdük ki, ilk növbədə nəyə diqqət yetirmək lazımdır. Biz hətta bilmirdik ki, hansı büdcə olmalıdır. Ona görə də fərq bizim hazırlığımızda, biliyimizdədir.

- Əgər bu layihənin özündən danışsaq, gələcək yarışı necə görürsüz? Nə dəyişib?
- Təbii ki, çox şey. Çünki Bakı bu 4 ildə çox dəyişib. Olimpiadanı sifariş edib-etməməyimizdən asılı olmayaraq, şəhər inkişaf edir, yenidən qurulur. Ona görə də çoxlu məsələlərə, Olimpiya obyektlərinin, Olimpiya kəndinin yerləşməsinə və s. baxış dəyişir. 2016-cı ildə uğur bizim tərəfimizdə olmasa da, istənilən halda, Olimpiya stadionunun tikintisinə, infrastrukturu qurmağa başladıq. Bizdə Olimpiadanın keçirib, keçirməməyimizdən asılı olmayaq, obyektlər tikəcəyik, idman və ümumiyyətlə şəhər infrastrukturunu müasirləşdirəcəyik.

- Yəni Bakı Olimpiada-2016-nı əldə etməməsinə baxmayaraq, idman obyektləri istənilən halda tikilir, tikiləcək və bunlar bir-birinə bağlı şeylər deyil?
- Bəli, heç bunun Olimpiya Oyunları ilə bağlılığı yoxdur. Tikinti gedir, idman obyektlərini bütün ölkə üzrə inşa edirik. Son 10 ildə regionlarda 33 olimpiya idman kompleksləri tikilib. Biz bilirik ki, bu komplekslərdə Olimpiada keçirilməyəcək. Onlar regionlarda idmanın inkişafı üçün nəzərdə tutulub. Bizə ölkənin inkişafı üçün lazım olan obyektlər istənilən halda tikiləcək. Ancaq təbii ki, konkret Olimpiya Oyunları üçün obyektlər şəhər müəyyənləşəndən sonra inşa ediləcək.

- Azərbaycanda yaxın illərdə idmanın inkişafı ilə bağlı layihə və ya proqram mövcuddur?
- Azərbaycan MOK-u Gənclər və İdman Nazirliyi ilə birgə hər 4 ildən bir növbəti 4 il üçün inkişaf strategiyasını qəbul edir. Yəni bütöv Olimpiya tsikli üçün. Strategiya idmançıların Olimpiadaya hazırlığı, kütləvi idmanın artırılması, bədən tərbiyəsi ilə məşğulla bağlıdır. Bizim “Qadın və idman” xüsusi proqramımız var. Paralimpiya Hərəkatı üzrə də eyni sözləri demək olar. Bütün bu proqramlar Azərbaycanda idmanın inkişafı ilə bağlı ümumi konsepsiyada birləşir.

- Bildiyimizə görə, Azərbaycanda idmançıların dəstəyi ilə bağlı güclü sosial proqram var. Bu haqda ətraflı danışardınız...
- Bu proqram, 1997-ci ildə MOK-a yeni rəhbər seçilən andan başlayıb. Onda bu qurum idmançı və məşqçilər üçün təqaüdlər müəyyənləşdirdi. Bunlar müxtəlif kateqoriyalarda idi. Yəni, yüksək nəticələr, gənclər və yeniyetmələr idmanına. Hər ilin sonunda isə MOK-da rəhbərliklə görüş keçirilir. Məhz orada çıxışın yekununa əsasən idmançıları mənzillər, mükafatlar, avtomobillər, kimin nəyə ehtiyacı olması ilə təmin edirik.

- Hər il nə qədər adam mükafat alır?
- Hər şey nəticədən asılıdır. Əgər nəticə çoxdursa, mükafat da çoxdur. Azdırsa, mükafat da azdır. Ancaq hər il 25-30 adam mükafatlandırılır.

- Rusiya və Azərbaycan Milli Olimpiya Komitələri arasında münasibətlər necədir?
- Azərbaycan ilk gündən Rusiya Olimpiya Komitəsi ilə gözəl münasibətlərə malikdir. Bizim komitələr arasında sazişlər var. Orada mütəxəssislərin, təcrübələrin bölüşdürülməsi, birgə tədbirlərin keçirilməsi nəzərə alınır. Həddən çox rusiyalı idmançılar – boksçular, güləşçilər Azərbaycana təlim-məşq toplanışına gəlirlər. Mingəçevirdə əla avarçəkmə bazamız var. Bu vaxtı ilə SSRİ yığmasının bazası olub. İndi rusiyalı idmançılar orada məşq edir, Olimpiya Oyunlarına hazırlaşırlar. Yəni bizim gözəl münasibətlərimiz var.

- Söhbətimizin əsas mövzusuna - Olimpiada-2020-yə qayıdaq. Bakının rəqiblərindən biri ən yaxın dostu və qonşusu İstanbuldur. Türklərin şansını necə dəyərləndirirsiz?
- Dostluq öz yerində, iş öz yerində (gülür). İstanbul artıq çoxdandır ki, Olimpiada keçirmək istəyir. Bu, məncə 5-ci sifarişləridir. Bakı da bunu istəyir. Fikrimcə, bizdən kimsə Olimpiadanı alsa, bu ümumi qələbəmiz olacaq.

- Bakı İstanbuldan sonra sifarişini verdi. Siz bunu öyrəndikdən sonra fikrinizdən keçmədi ki, indi biz sizi dəstəkləyəcəyik və öz namizədliyimizi irəli sürməyəcəyik?
- Bəli, İstanbul bizdən əvvəl bu addımı atdı. Ancaq onlar bizim də namizədliyimizi irəli sürəcəyimizi bilirdilər. Türklər bizdən fərqli, Olimpiada-2016-nın mübarizəsində iştirak etməyiblər. Onlar bilirdilər ki, biz iddiamızı davam etdirəcəkdik. Burada hər hansı problem yoxdur. Beynəlxalq Olimpiya Komitəsi kimi seçsə, kimə üstünlük versə, o da Olimpiya Oyunlarını keçirəcək.

- Digər namizədlər barədə nə deyə bilərsiz?
- Kimisə fərqləndirmək etik cəhətdən düzgün olmazdı. Mən hesab edirəm ki, bütün rəqiblər Olimpiya Oyununu keçirməyə layiqdirlər. Ancaq Yaponiya və İspaniya bu möhtəşəm yarışa ev sahibliyi etməklə, artıq təcrübəyə malikdirlər. Türkiyə, Azərbaycan və Qətər hələ Olimpiadanı keçirməyib. Hər şəhərin, hər ölkənin istəyi təbiidir. Baxarıq. Hesab edirəm ki, kim daha yaxşı hazırlıqlı olsa, Olimpiada-2020-ni alacaq.

- Bakıda bir aydan sonra Avrovizion yarışması keçiriləcək ki, Ermənistan orada iştirakdan imtina edib. Qorxmursuz ki, Olimpiada-2020-də qalib olsanız, bu ölkə bu yarışa da qatılmayacaq?
- Mən müğənni, musiqiçi deyiləm. Bilmirəm ki, ermənilər bu müsabiqəyə necə yanaşırlar. Ancaq boks, güləş və ağır atletika üzrə dünya çempionatlarında, bir sözlə, Bakıda keçirilən bütün beynəlxalq yarışlarda Ermənistan nümayəndələri gəlir. Məsələn, erməni əsilli rusiyalı boksçu (Mişa Aloyan) Bakıda dünya çempionu oldu. Heç bir qorxu yoxdur.

- Avrovizionda Bakı-2020 təqdim olunacaq?
- İndi bu haqda danışmaq tezdir. Çünki mayın 23-də Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası olacaq. Orada namizəd şəhərlərin siyahısı müəyyənləşəcək. Avrovizion isə mayın 26-da başlayacaq. Siyahıya düşüb-düşməməyimizdən sonra təbliğatımızı necə aparacağımıza baxacağıq. Yeri gəlmişkən, Olimpiada-2020 Bakıda olsa, Avrovizionun keçiriləcəyi zal (Bakı Kristal Zalı) bizim düşüncələrimizə görə bir neçə Olimpiya idman növündə yarışları qəbul edəcək. Yəni bu zal Avroviziondan sonra estafetini idmana verəcək.

Mənbə: rsport.ru