Arif Əsədov: "Bu, "Qarabağ" üçün son şansdır" - Açıqlama
22.01.2025 - 14:54
Arif Əsədov: "Bu, "Qarabağ" üçün son şansdır" - Açıqlama

"Bunu "Qarabağ" üçün son şans hesab etmək olar".

Bunu apasport.az-a açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli çalışdırıcı "Qarabağ"ın FKSB qarşısında şanslarını dəyərləndirib: 

"Qarabağ"ın qalib gələcəyi halda növbəti mərhələyə yüksəlmək şansları davam edir. Ona görə bu oyun çox vacibdir. Rəqib də bunu başa düşür. Onların xalları "Qarabağ"dan çoxdur və Bakıya iddialı gəlirlər.  O baxımdan komandamızı çətin oyun gözləyir. Ağdam klubunun hazırki durumunu nəzərə alsaq, hazırda bəzi kadr çatışmazlıqları var. Xüsusən də, müdafiə xəttində. Bəhlul və Medinanın komandaya yeni qoşulması və bəzi oyunçuların zədəli olması problem yaradır. Üstəlik Zubir də zədədən yeni qayıdıb. Juninyonun da komandadan ayrılması problemli vəziyyətdir. Amma düşünürəm ki, "Qarabağ"ın heyəti genişdir və onları əvəz edəcək futbolçular var. "Qarabağ" öz oyunu ilə rəqibi üstələyib qalib gələ bilər. Təbii ki, burda vacib olan ilk qolu vurmaqdır. Bu halda rəqib açıq oyun oynayacaq. Aydındır ki, onlar da "Qarabağ"ın oyunlarını təhlil ediblər və "Qarabağ"ın bir nömrə kimi çıxış etməyini planlaşdırırlar. Bu zaman Rumıniya klubu öz oyununu əks hücum üzərində quracaq. Mən belə düşünürəm. Ona görə, tez qol vurmaqla istədiyimizə nail ola bilərik. Əks halda, "Qarabağ"ın hücumları artdıqca rəqib arxadakı boşluqdan istifadə edə bilər. Ona görə, ilk qolu vurmaq vacibdir. Azarkeş amilini də nəzərə alsaq, üstünlük "Qarabağ"dadır. Çoxdandır, evdə oyun keçirilmir. Bu amil də "Qarabağ"ın lehinədir".

Qeyd edək ki, “Qarabağ” sabah Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Rumıniyanın FKSB klubu ilə üz-üzə gələcək.

Nərmin Vüqarqızı

0