“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “Sabah” Futbol Klubunun dəstəyi ilə İçərişəhərdə uşaqlar üçün futbol meydançası istifadəyə verilib.
Apasport.az xəbər verir ki, məkanın tarixi-memarlıq mühitinə uyğun şəkildə həyata keçirilən layihə, uşaqların idmanla məşğul olmasına, onların aktiv və səmərəli vaxt keçirməsinə və futbolun kütləviləşməsinə töhfə vermək məqsədi daşıyır.
Mayın 31-də baş tutan açılış zamanı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud, İçərişəhərin Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov, həmçinin “Sabah” Futbol Akademiyasının koordinatoru Georgi Minaşvili çıxış ediblər.
Tədbir zamanı uşaqlar üçün əyləncəli və idman yönümlü proqramlar təşkil olunub, daha sonra isə uşaqların iştirakı ilə yeni istifadəyə verilmiş meydançada ilk oyun keçirilib.