“Komandada olan bəzi futbolçularla keçən ilki MOİK-dən tanışlığımız var”.
Bu sözləri Apasport.az saytına açıqlamasında futbol üzrə Azərbaycan II Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Qəzənfər Abbasov deyib.
O, “Xankəndi” ilə aralarındakı şansların bərabər olduğunu vurğulayıb:“Tanıdığım futbolçular artıq mənim hansı sistemdə oyun oynatmaq istədiyimi və onlardan oyun zamanı nə tələb edəcəyimi bilirlər. Digər futbolçulara da bu sistemi izah etmək asan oldu.
Turnir cədvəlində bir-birimizə yaxın məskunlaşdığımız “Xankəndi” klubu da yaxşı futbolçulardan ibarətdir, təcrübəli oyunçuları var. Komanda həm Premyer Liqaya, həm də I Liqaya layiq futbolçulara sahibdir. Düzdür, ilk oyunda qələbə qazandıq, amma bu o demək deyil ki, biz onlardan güclüyük. Xeyr, sadəcə həmin oyunda 3 xalı biz əldə etdik, digər matçlarda şanslar hələ də 50/50-dir”.
Təcrübəli mütəxəssis komandanın hazırkı gedişatından və qarşıdakı hədəflərdən də danışıb: “Mövsümdə əsas hədəfimiz çempionluqdur. Hazırda qış fasiləsinə lider kimi yollanmışıq, amma bu o demək deyil ki, artıq çempionuq. Xeyr, çempion olmaq üçün ilk dövrədə qazandığımız uğurları daha da artırmalı və hədəfimizə çatmalıyıq”.
Baş məşqçi həmçinin qış transfer pəncərəsində yeni futbolçuların komandaya qoşulacağını bildirib: “Komandaya yeni futbolçular gələcək, amma kim olduqlarını deməyim hazırda uyğun olmaz. Onlarla müqavilə imzaladıqdan sonra adlarını açıqlayacağıq”.