
Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu apasport.az saytına müsahibə verib.
- Yığmamız iki yoldaşlıq matçında qüvvəsini sınayacaq. Haiti və Belarusla oyunlar üçün çağrılan heyəti necə dəyərləndirirsən?
- Ümumiyyətlə, bizdə legioner limiti var. Azərbaycanlılar klublarında az oynayırlar. Bir-iki nəfər istisna olmaqla, təbii ki, futbolçuları sən saya bilərsən, mən saya bilərəm. Hazırkı heyət mənin üçün yaxşı ola bilər, sənin üçün pis. Amma normal olaraq ən güclüləri çağırırlar.
- Rüfət Abdullazadənin heyətə dəvət almaması müzakirələrə səbəb oldu. Səncə, bu, doğru qərar idi?
- Açığı, sonuncu pillədə qərarlaşan komandadan oyunçu çağrılması doğru qərar olmazdı. Düzdür, I Liqadan futbolçu dəvət alıb. Amma bu, onunla bir deyil. Rüfətin yer söhbətinə görə çağrılmadığını düşünürəm. Bəlkə də ilkin heyətdə adı yer almışdı, lakin sonradan çağrılmadı. Belə şeylər bizim vaxtımızda da olurdu. Geniş heyət seçilirdi, daha sonra ordan bir neçə nəfər çıxarılırdı. Baş məşqçi bəlkə düşünüb ki, bu futbolçu milliyə hazırkı vəziyyədə kömək edə bilməz. Keçirəcəyimiz matçlar rəsmi oyunlar deyil. Bəlkə elə adlar var ki, baş məşqçi onlara baxmaq istəyir. Rüfət Abdullazadə pis oyunçu deyil. Onun daha uğurlu futbolçu olacağını düşünürəm.
- Fernandu Santuş barədə düşüncələrin necədir? Onunla uğur qazanmaq nə dərəcə realdır?
- Təbii ki, nəticələr heç birimizi qane etmir. Hamı milli komandadan yalnız qələbə gözləyir. Amma məşqçi kimi mən Fernando Santuşun iş prinsipini bəyənirəm. Mütəxəssis dünya arenasında sözünü demiş bir insandır. Millimizlə uğur qazana biləcək bir baş məşqçi gətirmişik. Düşünürəm ki, keçmişdə uğur qazanmış şəxslər bizim heyətə rəhbərlik etməlidir. Onlar bizim uşaqlara qalibiyyətin, nailiyyətin necə çətin və bir o qədər də xoşbəxt bir hiss olduğunu aşılamalıdır. Santuşun iş prinsipində ən sevdiyim məqam onun I Liqa oyunlarını canlı olaraq izləməsidir. Bu addımı yalnızca alqışlayıram. Demək olar ki, bütün oyunlara köməkçiləri ilə birgə baxır və analiz edir.
- Onun mümkün istefasında yığmaya namizədin kimdir?
- Namizədlərimin adlarını demək istəmirəm, çünki qorxuram ki, kimisə yaddan çıxararam. Premyer Liqada çıxış edən 8 klubun 6-na azərbaycanlı baş məşqçilər rəhbərlik edir. Düşünürəm ki, onların hər birinin milli komandanı idarə etmək potensialı var. İşsiz qalanların belə bu şansı dəyərləndirə biləcəklərini düşünürəm. Amma bu, AFFA-nın qərarıdır və biz reallıqla razılaşmalıyıq. AFFA da istəyir ki, Azərbaycan futbolu inkişaf etsin, yaxşı nəticələr əldə edilsin. Mən “Sabah”da məşqçi kimi oyunçuları inkişaf etdirib, milli komanda səviyyəsinə gətirməliyəm. Siz jurnalistlər də milli komandanın yanında olmalı və dəstək göstərməlisiz. Biz birlikdə milliyə dəstək olmalıyıq.
- Haiti yığması ilə qarşılaşacağıq. Birdən-birə Karib hövzəsindən rəqib tapmaq sənə də qəribə gəlmədi?
- Reytinqə nəzər salsaq, Haiti bizdən yuxarıdadır. Milli komanda ölkənin güzgüsüdür. Özbəkistan Asiya çempionatında oynayır. Top klublar əsasən Avropa, Asiya və s. kimi çempionatlarda yaxşı yerlər tutan heyətlərdən oyunçular seçirlər. Avropa futbolu Asiyadan daha güclüdür. Bizim keyfiyyətimiz hazırda yetərincə deyil. Millimiz Avropada yox, Asiyada çıxış etsəydi, bəlkə də Dünya çempionatında iştirak edə bilərdik. Haiti Avropada oyunlara çıxsaydı, bizdən aşağı pillələrdə yer alardı. Məncə, uyğun rəqibik. Bizim uşaqlara bu dəqiqə oyun keçirmək lazımdır. Gərək qalib gələk ki, oyunçularda motivasiya yaransın. Seçmə mərhələyə qədər bu cür komandalarla keçirəcəyimiz görüşlər və əldə edəcəyimiz qalibiyyətlər bizim üçün çox yaxşı effekt verə bilər.
- Səncə, hansı milli daha güclüdür, sizin dövrünüzdəki, yoxsa indiki?
- Həmişə mənim kimi veteran futbolçulara bu sual yönləndirilir. Təbii ki, mənim oynadığım dövrdəki milli daha güclü idi. Şərh bölməsində yazacaqlar ki, guya siz neynəmisiz? Burdan onlara deyirəm ki, heç olmasa, biz dolu tribunalar qarşısında oynayırdıq. Azarkeşlər bizə görə yox, əzmkarlığımıza görə stadionlara gəlir, oyunları izləyirdilər. Amma hazırkı futbolçular elə bil matçları “yola verməyə” gəlirlər. Çox qeyri-ciddi yanaşırlar. Bizim vaxtımızda məğlub olsaq belə, soyunub-geyinmə otağında bizi alqışlayırdılar ki, “halal olsun”. Neçə oyun olub ki, mən, Rəşad Sadıqov, Samir Abasov zədə ilə meydanı tərk etmişik. Biz futbolu azarkeşlərə görə oynayırdıq. Əgər insanlar stadiona gəlmirlərsə, deməli problem var. Mənim sonuncu dəfə “Dalğa Arena”da qırmızı kart aldığım oyunda da bütün stadion dolu idi. Uduzuruqsa, “kişi kimi” uduzaq. Bunu demək çətindir.
- Öz karyeranla bağlı nə deyə bilərsən? Premyer Liqa klubu çalışdırmağa hazırsan?
- Hazırda “Sabah”dayam və burada olmaqdan çox məmnunam. Bu klubun gələcəyi üçün əlimdən gələni etməyə çalışıram. Artıq əvəzedicilər komandasında 2-ci dövrümü keçirirəm və xorvat mütəxəssis Adino Mustedanaqiçdən çox şey öyrənmişəm. Özümü tam hazır hiss edirəm. Premyer Liqada çıxış edən komandalara rəhbərlik edə biləcəyimi düşünürəm. Bu, hər bir mütəxəssisin xəyalıdır. Baş məşqçi qarşısına çıxa biləcək hər bir problemə hazır olmalıdır. Bu normal bir haldır.