Tahir Süleymanov: “Neftçi”nin minimum hədəfi hər zaman çempionluq, Avropada əldə edilən nəticələrdir”
17.10.2024 - 10:55
Tahir Süleymanov: “Neftçi”nin minimum hədəfi hər zaman çempionluq, Avropada əldə edilən nəticələrdir”

"Neftçi"nin durumu bəllidir və artıq illərdir eyni, oxşar mənzərə, ssenari davam edir. Klubun problemləri daha dərin qatlardadır, stratejidir”.

Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov deyib. 

Təcrübəli mütəxəssis “ağ-qaralar”ın problemlərindən danışıb: “Klubdaxili çəkişmələr, qruplaşmalar açıq sezildiyi üçün, mövcud vəziyyətə davamlı olaraq münasibət bildirmirəm. Ancaq 5 turdan sonra "Neftçi"ni tam olaraq əhatəli geniş təhlil etdim, dəyərli azarkeşlərlə, futbol ictimaiyyəti ilə bölüşdüm və klub/komandanı nələrin gözlədiyini bildirdim. Hər zaman olduğu kimi, detallı analitika özünü doğrultdu, qısa müddətdən sonra "Neftçi"də "yarpaq tökümü" başladı. Hər bir mütəxəssis deyilən sözün, fikirlərin məsuliyyətini dərk etməlidir.

Verilən qərarların əksəriyyəti "Neftçi" adına edilmir, klubdaxili, görünən/görünməyən icraçıların, onlara havadarlıq edənlərin mövqe savaşıdır. Təəssüf ki, bu prosesə bir çox futbolçular cəlb edilərək, onlardan istifadə edildi. "Neftçi" öz büdcəsi, heyəti ilə, o vəziyyətdə deyil ki, daxili çempionatda ilk dövrəni qələbəsiz son pillələrdə bitirsin. Roman Qriqorçuk və onu kluba gətirən dəstəkçiləri çəkişmələrdə öz günahlarından biabırçı şəkildə məğlub oldular, "va-bank" gedərək "bankı" itirdilər. Ötən mövsüm fiasko ilə üzləşənlər, bundan istifadə edərək, "geridönüş" etdilər. Ən mənfi məqamlardan biri, daxili qüvvələrin öz məqsədlərinə çatması yolunda, azarkeşlər də parçalandı, klubda və komanda ətrafında məqsədli xaos yaradıldı. İtirən yenə də "Neftçi" adı, nüfuzu oldu!

Belə vəziyyətdə, ən doğru addım, proseslərə münasibət bildirməməkdir - çünki, istənilən obyektiv fikir belə hansısa qrupun maraqlarına xidmət etmiş ola bilər. "Neftçi" qələbəsiz çökdürülsə də, sonda şəxsi maraqlar uğrunda kimlərin kimlər üzərində üstünlük qazanması "mübarizəsi" ilkin fazada tamamlandı”.

O, Samir Abasovun “Neftçi”yə təyinatını dəyərləndirib: “Belə vəziyyətdə Samir Abasov "Neftçi"yə gətirildi. Samir Abasov artıq gənc məşqçi deyil, müəyyən təcrübə toplayıb. Yaxın keçmişdə baş məşqçi kimi "Neftçi" ilə çempionluq yaşayıb, ikincilik bağışlanmayıb. Hansı kluba gəldiyini gözəl bilir, təzyiqlərin nə səviyyədə olacağını dərk edir. Kluba gətirilmiş keçmiş əcnəbi məşqçilərin tək nəticələri deyil, ümumilikdə, davranışları, açıqlamalı təhlil edilməli və onların səhvləri təkrarlanmamalıdır. "Neftçi" kimi klubda vaxt verilmir və bəhanələr qəbul edilmir, klubun çəkisi bunu tələb edir. Durumundan asılı olmayaraq, "Neftçi"nin minimum hədəfi hər zaman çempionluq, kubokun qazanılması, Avropada əldə edilən nəticələrdir. Bilisiniz ki, istər "Neftçi"də çalışdığımız dönəmdə, istərsə öz fikirlərimizdə həmişə yerli məşqçilərə üstünlük və dəstək vermişik. Bu da səbəbsiz deyil, hər zaman sübut etmişik ki, Azərbaycanda bacarıqlı mütəxəssislər, məşqçilər var. Bu çətin yolda Samir Abasova uğurlar arzu edirəm”.

Süleymanov futbolun azarkeşlər üçün oynanıldığını qeyd edib: "Neftçi" Azərbaycan futbolunda ata-babalardan qalan və ardıcıllıqla yeni nəsillərə ötürülən yadigardır və ruhən azarkeşlərə məxsusdur. Təəssüf ki, fanat/azarkeşlər son dövrlərdə çox incidilib. Bu da illərdir naşı, böyük futbolda böyüməyən, anlayışı olmayan təsadüfi adamların "Neftçi"ni idarə etməsinin nəticəsidir. Bilirsiniz, klub rəhbəri olsaq da, hər zaman tribunalarda azarkeşlərin sözdə yox əməldə, faktiki olaraq yanında olmuşuq, müdafiə etmişik, qorumuşuq, onları özümüz bilmişik.

Futbol azarkeşlər üçün oynanılır. "Neftçi"də nəticələrin təmin olunması ilə bərabər bu, mütləqdir, böyük klub olaraq azarkeşlərlə birgə vəhdətin yaradılması şərtdir. Peşəkar futbolda olan hər kəs - icraçı rəhbərlik, məşqçi/futbolçular, inzibati heyət müqavilələrə uyğun çalışırlar. Futbolda təmənnasız, cibinin pulunu ödəyib stadionlara gedən, tribunaları dolduran tək toplum azarkeşlərdir. Doğma klub hər bir fanat üçün əvəzolunmaz, toxunulmaz varlıqdır! Futbolda olan, çalışan hər kəs bunu unutmamalıdır!”

İsmayıl Xeyrullayev

0