Ruslan Qurbanov: "Mənim üçün pul o qədər önəmli deyil, pulum var"
27.01.2025 - 21:25
Ruslan Qurbanov: "Mənim üçün pul o qədər önəmli deyil, pulum var"

Azərbaycana qayıdan millimizin sabiq forvardı Ruslan Qurbanov apasport.az saytına müsahibə verib. 

- Azərbaycana qayıdacağınla bağlı xəbərlər yayılıb. Həqiqətən "Hypers Guba"ya keçəcəksən? 
- Mən Azərbaycanı çox sevirəm. Bəli, doğru xəbərdir. Üstəlik, belə şans varsa, dəyərləndirmək istədim. "Hypers Guba" ilə anlaşmışıq. 

- Son dəfə Rusiyada Medialiqada oynayırdın. Orda liqanın səviyyəsi necədir? 
- Bəli, orda idim. Liqanın səviyyəsi isə çox yüksəkdir. Demək olar ki, Rusiya birinci liqasının səviyyəsindədir. Medialiqa inkişaf edir. Özünüz də bunu görəcəksiz. 

- Yeni komandan II Liqada mübarizə aparır. Maddi cəhətdən də səni razı salan təklif oldu? 
- Mənim üçün pul o qədər də önəmli deyil. Çünki pulum onsuz da var. Mən sadəcə Bakıda oynamaq və orda yaşamaq istəyirəm. "Hypers"ə də xeyir vermək niyyətindəyəm. Qarşımıza qoyulan məqsəd isə I Liqaya yüksəlməkdir. 

- Qubada yaşayacaqsan, yoxsa Bakıda yaşamaq sənin üçün daha əlverişlidir? 
- Hələ ki, heç nə bilmirəm. Zamanla hər şeyi görəcəyik. Mənim istəyim yeni komandama xeyir verməkdir. 

- Artıq 33 yaşındasan və II Liqada oynayacaqsan. Səncə, Premyer Liqada oynamaq şansı yaranarsa, bundan istifadə edə bilərsən? 
- 33 yaşım olsa da, mən Misli Premyer Liqasında da oynaya bilərəm. Gücüm yetəri qədərdir. Artıq çəkim yoxdur. Allah nə qərar verəcəksə, elə də olsun. Hazırki vəziyyətimdən narazı deyiləm. 

- Premyer Liqada oynamaq gücündəsən? 
- Əlbəttə. Asanlıqla Premyer Liqada oynayaram. Dediyim sözə də əminəm. Təəssüf ki, Misli Premyer Liqasının səviyyəsi yüksəlməyib, əksinə düşüb.