![Fərhad Rəcəbli 10 qat Avropa çempionu oldu](https://ww3.apasport.az/storage/news/2024/june/07/big/6662aff6b50ca6662aff6b50cb17177436066662aff6b50c86662aff6b50c9.jpg)
6 iyunda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 2 bürünc medal əldə edib.
Apasport.az xəbər verir ki, çempionatın ilk günündə Azərbaycan kişilər arasında M5, M6, M7 və M8 yaş kateqoriyası üzrə 7 idmançı ilə təmsil olunub.
M8 yaş kateqoriyası üzrə -90 kq çəki dərəcəsində yarışan Fərhad Rəcəbli bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu qələbə ilə Fərhad Rəcəbli usta cüdoçular arasında Avropa çempionatlarında 10-cu dəfə çempion tituluna sahib olub.
M7 yaş kateqoriyası üzrə -90 kq. çəkidə Nazim Əliyev və M8 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vahid Azərpur bürünc medal qazanıblar.
M5 yaş kateqoriyası +100 kq. çəkidə Qabil Qasımov 5-ci yerə çıxıb.