Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti dəfə UFC oktaqonuna çıxacaq.
Apasport.az xəbər verir ki, 36 yaşlı idmançı bu gün Serbiyanın paytaxtı Belqradda keçiriləcək UFC Fight Night turnirində slovakiyalı Ludovit Kleinlə qarşılaşacaq.
Yüngül çəki dərəcəsində baş tutacaq döyüş gecənin ilkin kartında yer alıb. “UFC Belgrade” adı ilə keçirilən turnirin əsas döyüşündə serbiyalı Uroş Mediçlə amerikalı Daniel Rodriges üz-üzə gələcəklər. Yarış “Belgrade Arena”da təşkil olunacaq.
Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də üçüncü döyüşü olacaq. O, 2025-ci ilin iyununda Bakıda keçirilən debüt qarşılaşmasında Mıktıbek Orolbaya məğlub olub. Azərbaycanlı döyüşçü son görüşündə isə 2026-cı il martın 28-də İqnasio Bahamondesi hakimlərin yekdil qərarı ilə məğlub edərək UFC-də ilk qələbəsini qazanıb.
Musayevin peşəkar MMA karyerasında 23 qələbə və 6 məğlubiyyəti var. Onun rəqibi Ludovit Klein isə 24 qələbə, 5 məğlubiyyət və 1 heç-heçəyə malikdir.