Məğlubedilməz ulduzdan ağlasığmaz MƏRCLƏR
11.10.2022 - 13:03
Məğlubedilməz ulduzdan ağlasığmaz MƏRCLƏR

Məğlubedilməz çempion kimi tanınan Floyd Meyvezer boksun rəmzlərindən sayılır.

Apasport.az saytının məlumatına görə, əfsanəvi idmançı təkcə rinqdə deyil, bukmeker kontorlarında da ad çıxarıb.

Amerikalı boksçu həyatında nələr olmayıb ki? Qətlin də, intiharın da şahidi olmağa imkan tapan dəri əlcək sahibi daim kuponlarını tvitter səhifəsində də paylaşır. 

Tez-tez və böyük məbləğlə oynamağı sevən Floyd nəinki altı, hətta yeddirəqəmli məbləğlərlə risk edib. Bu da başüdüşüləndir. Bir döyüşdə 50-60 milyon dollar qazanan idmançının bir neçə milyonla risk etməsi normal haldır.

Onun son uduşlarından biri amerika futbolunda olub. Bu yaxınlarda “Bronkos”la “Cets”in oyununda kiçik əmsala 800 min dollar qoyan boksçu son dəqiqələrdə 600 min “qabağa düşüb”.

“Money” ləqəbli boksçu uzun müddət sosial şəbəkələrdə yalnız uduşlu kuponları paylaşır. Ona niyə uduzan mərcləri gizlədirsən sualına isə özünəxas cavab verib: “Məğlubedilməz məğlubiyyətlərini niyə göstərməlidir ki?”.

İlk vaxtlar həftəyə 100 min dollarlıq kupon yazan Floyd 2010-12-ci illərdə 46 uduşlu bilet paylaşıb. Onun bu müddətdəki qazancı 3 milyon 938 min 722 dollar təşkil edib. Bu müddətdə Meyvezerin heç də müsbət balansda olmadığı proqnozlaşdırılır. Axı həftəyə 100 min oynayan adam 2-3 ildə udduğundan daha çox vəsait itirməlidir.

Təxminən 10 il əvvəl boksçu amerika futbolunda uduzduğu mərci də paylaşıb. “Detroyt”la “Sent Luis”in qarşılaşması onu 100 min ziyana salıb.

Elə bu idman növündə universitetlərin çempionatında Arizona və Oreqonun oyununa 1,1 milyonluq mərc edilib. MBA-da “Memfis”in “Şarlott”la görüşünün ilk yarısında birincilərə mərc edən boksçu 200 min dollarından keçib və 166 min uduşa sahib çıxıb.

“Miçiqan”la “Alabama”nın amerika futbolu üzrə çempionatdakı oyunu məğlubedilməzi daha çox ziyana salıb. Bu görüşdə onun 2,9 milyonluq kuponu yanıb.

Ağlasığmaz mərclərdən biri isə MBA-da yaşanıb. Düzdür, bunu nə Floyd, nə bukmekerlər təsdiqləyib. Amma yayılan xəbərlərə görə Meyvezer Şərq konfransının finalının “Mayami” ilə “İndiana” arasındakı 7-ci oyunda 5,9 milyon dollarlıq qoyuluş verib. Mayami təmsilçisinin qələbəsi Meyvezeri 5,3 milyon zənginləşdirib. 

Təsdiqini tapmayan daha bir mərc də MBA-da olub. O, “Klippers”in “Memfis”lə görüşündəki foralı qələbəsinə 1,8 milyon yatırıb.

“San Antonio”nun basketbolçusu Denni Qrinin “Leykers”lə görüşün sonunda 9 saniyə qalmış qələbə atışının müəllifi olması da Meyvezeri varlandırıb. O, 275 min dollar uduşa sahib çıxıb də Qrinin tvitterində ona təşəkkür də yazıb.

Onun böyük mərclərə meyl göstərməsi bəzən şayiələrə də səbəb olub. Floydun “Denver”lə “Sietl” arasındakı Superboula 10 milyon dollar qoyduğu iddialarına boksçunun özü cavab verib. O, bunu təkzib edib.
 

writer photo
Əlirza Əlirzalı
0