Azərbaycanlı futbol məşqçisi Adil Şükürovun apasport.az saytına müsahibəsi
- "Qarabağ" "Olimpiya" ilə səfər görüşündə qələbə qazanmağı bacardı. Bu nəticənin ola biləcəyini ehtimal edirdiniz?
- "Qarabağ"ı təbrik edirəm. Son illərdə Azərbaycanın Avropadakı lokomotivi "Qarabağ" yenə öz sözünü deməyi bacardı. Sözün düzü, Avropada son mövsümdə oynadığı oyunlardan sonra bir az inamsızlıq yaranmışdı. Amma çox şükürlər olsun ki, bu il də "Qarabağ"ı avrokuboklarda qrup mərhələsində görəcəyik. Komandanın qrupda oynamasını çox istəyirdim. "Qarabağ"ın "Olimpiya"ya ilk görüşdə iki top fərqi ilə qalib gəlməsi inamını daha da gücləndirdi. Bakıya gələn "Olimpiya" burada son döyüşünə çıxmış kimi çıxıb var gücü ilə mübarizə aparacaq. Onların artıq Avropa Liqasında itiriləsi heç bir şeyləri qalmayıb. Ona görə də, ikinci matç ilk oyundan daha maraqlı və gərgin olacaq.
- 2:0 hesablı qələbə "Qarabağ"a cavab matçı öncəsi yaxşı üstünlük qazandırır. İlk matçdakı qələbə sayəsində "Qarabağ" işinin neçə faizinin öhdəsindən gəlmiş oldu?
- Qeyd etdiyim kimi, "Olimpiya" üçün son şans olduğu üçün Bakıda sürprizlər edə bilər. Amma ümid edək ki, "Qarabağ" bu sürprizlərə hazır olacaq və reallaşmasına imkan verməyəcək.
- "Qarabağ"da Şahruddin Məhəmmədəliyevin ehtiyata göndərilməsi, qapıya Luka Quqeşaşviliyə yer verilməsi və Andrey Lunyovun da transfer edilməsini necə şərh edərdiniz?
- Yadınızdadırsa, Luka Quqeşaşvili ilk vaxtlarda da oyunlara əsas heyətdə başlayırdı. Rəqabət bütün oyunçular üçün çox önəmlidir. Bu gün məşqçilər hansı qapıçını daha hazır görürlərsə, ona da şans verirlər. Andrey Lunyov da bu rəqabətə qoşulur və necəliyini artıq məşqçi heyəti qərar verəcək.
- "Qarabağ" bu heyətlə Avropa Liqasında qrupdan çıxmağa da qadirdir, yoxsa yenə transfer lazımdır?
- "Qarabağ" bir pleymeker transfer etməklə mövsümə tam gücü ilə davam edə bilər. Yəqin fikir verirsiz, "Qarabağ" avrokuboklarda oyundan-oyuna əvvəlki dinamikasını tapmağa başlayıb. Bu da komandanın hazırlıq planının bir hissəsi kimi qarşılanmalıdır. Hamımız "Qarabağ"ın qrupdan çıxmasını istəyirik. Amma bu da qrupda oynayacağımız komandalardan asılıdır.
- "Qarabağ"ın son transferi Mateus da Silva haqda hansı fikirdəsiniz? Marko Veşoviçlə arasında böyük rəqabət olacağını ehtimal etmək çətin deyil...
- Marko Veşoviçin yoxluğunda komanda sağ cinahda nə qədər çalışsa da, Tural Bayramovla tam olaraq istənilən effekti ala bilmədi. Ona görə də sağ cinah müdafiəçisinin transferi gözlənilən idi. Nəzərə alaq ki, Veşoviçin zədədən qayıtması vaxt alacaq.
- "Qarabağ" tez-tez ötən mövsümkü komanda ilə müqayisə edilir. Sizcə hansı güclüdür və zaman keçdikdən sonra hazırkı "Qarabağ" daha güclü olacaq?
- "Qarabağ" hər mövsümdə fərqli olur və çempionatların gedişatında gücünü tam əldə etdikdən sonra əvvəlki illərin "Qarabağ"ından daha yaxşı olur. Razıyam ki, hər mövsümün bir-iki parlaq oyunçusu görürük. Bu oyunçular ön xətt oyunçuları olanda, komanda daha inamlı görünür. Məncə, avrokuboklarda qrup mərhələsində daha fərqli "Qarabağ" görəcəyik. Daxili çempionatda necə olacaq, bax, bu maraqlıdır. Çünki demək olar ki, komanda iki fərqli heyətlə oynayır.