Azərbaycan idmançısı Diana Dimçenko İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medala yiyələnib.
Kanoe və Avarçəkmə Federasiyasından apasport.az saytına verilən məlumata görə, təmsilçimiz 4000 m məsafəyə yürüşlərin qalibi olub.
“Baku”nun üzvü mübarizəyə yarımfinal mərhələsindən başlayıb. O, bu mərhələdə ən yaxşı nəticəni göstərib. 4000 m məsafəni 22:56.72 dəqiqəyə qət edən idmançımız finiş xəttinə birinci çatıb. Bununla Diana Dimçenko əsas finala vəsiqəni təmin edib.
Dimçenko finalda da uğurlu çıxış edib. O, ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlayaraq sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk Azərbaycan təmsilçisidir.
O, daha öncə Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında millimizə gümüş medal qazandırıb.