Ayaz Quliyev: "AFFA ilə danışıqlar davam edir" - MÜSAHİBƏ
23.01.2023 - 18:48
Ayaz Quliyev: "AFFA ilə danışıqlar davam edir" - MÜSAHİBƏ

Son dönəmlər qalmaqallar, Azərbaycan millisində mümkün çıxışı ilə medianın diqqətində olan Rusiyanın "Ximki" klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyevin müsahibəsi. 

26 yaşlı yarımmüdafiəçi formasını geyindiyi komandanın baş məşqçisi Spartak Qoqniyev ilə arasında yaşanan insident iddialarına aydınlıq gətirib, Azərbaycan yığma komandasına mümkün keçidi və Azərbaycan klublarından aldığı transfer təklifləri barədə eksklüziv olaraq saytımıza danışıb.

Müsahibəni təqdim edirik:

- Rusiya mətbuatına açıqlamanda Azərbaycan millisində oynamağının mümkün olduğunu bildirmisən...

- Bir neçə dəfə bu barədə danışmışam. Azərbaycan millisində çıxış etsəm, hazırda oynadığım klubda legioner sayılacam. Buna görə də, diqqətli olmağa çalışıram. Klub karyeramda doğru addım atmaq, düzgün seçim etmək istəyirəm.

- AFFA ilə danışıqlarınız hələ də davam edir?

- Bəli. Danışıqlar var və hazırda davam edir. Sadəcə telefon danışıqlarıdır. Düşünürəm, üz-üzə danışsaq, bir-birimizi daha yaxşı başa düşərik.

- Danışıqlar hansı mərhələdədir?

- Əvvəlki səviyyədədir. Qərar verən bütün şəxslər arasında görüş keçirilsə, növbəti səviyyəyə keçid olacaq.

- Adın Azərbaycan klubları ilə birgə hallanır. Azərbaycandan təklif almısan?

- Bu suala konkret cavab verə bilməyəcəm. Çünki bu cür təkliflər komandamızın rəhbərliyi tərəfindən həll olunur. Yaxşı olar ki, komandanın özündən öyrənəsiz.

- Klub karyeranı Azərbaycanda davam etdirmək istərdin?

- Hələ ki, burda oynayıram. Müqaviləm var. Desəm ki, hazırda keçidə hazıram, düzgün olmaz. İndi formasını geyindiyim kluba fokuslanmışam. Sadaladığım səbəblərə görə bu sualın müzakirəsi məqsədəuyğun deyil.

- Azərbaycan futboluna baxırsanmı?

- Yalan deməyəcəm. Bütün oyunlar olmasa da, baxdığım qarşılaşmalar olur.

- Klublarımızın oyunlarını izləyirsən, yoxsa milli komandanın?

- Daha çox millinin oyunlarına baxıram. Yığma komandanın oyunları daha maraqlı gəlir.

- Səncə, Azərbaycan millisinin oyunlarında inkişaf var?

- Son zamanlar hamı görür ki, ilk növbədə oyunların nəticələrində əhəmiyyətli dərəcədə artım var. Ardıcıl uğurlar təsadüf ola bilməz. Ümumiyyətlə, hər şey çox yaxşı gedir və ümid edirəm, bu cür də davam edəcək.

- Hazırda həm Azərbaycan, həm də Rusiya mediası səndən danışır. Haqqında neqativ xəbərlər yayıldı. Yəqin ki, nə demək istədiyimi başa düşdün...

- Bəli, söhbətin nədən getdiyini bilirəm. Ancaq iddialar əsassız idi. Hansısa səhv bir hərəkət edəndə bunu hər zaman etiraf edirəm. Axrıncı məlum hadisə haqqında danışılanlar tamamilə yalandır. Məni sadəcə gözdən salmaq üçün tirajlanan xəbərlərdir. Hadisə mətbuatda yazılan kimi olmayıb. Bu, hər bir işdə baş verə biləcək sadə bir anlaşılmazlıq idi. Hadisə mən danışdığım kimi olmuşdu, mətbuatda təhrif olunmuş formada çıxdı. Məşqçiyə o sözləri deyə bilməzdim. Bu, düzgün deyil. Olanları niyə bu cür yazıblar, anlamıram. Onları öz vicdanlarına buraxıram. Mənim vəzifəm hər şeyi olduğu kimi danışmaqdır. Əgər yazılanlar kimi olsaydı, təbii ki etiraf edib, üzr istəyərdim.

- Emin Mahmudov və Ramil Şeydayev sənin kimi Rusiyada futbol oynamağa başlasalar da, sonradan Azərbaycan millisində oynamağa razılıq verdilər. Emin və Ramillə münasibətin var?

- Emini "Spartak"da oynayan vaxtından tanıyıram. Mənim onda yaşım az idi. "Spartak"ın gənclərdən ibarət komandasında oynayırdım. Ancaq o dönəmdə Eminlə görüşümüz demək olar ki, olmayıb. Ramil Şeydayev ilə illərdi tanışıq, yaxşı münasibətlərimiz var. Onunla Rusiyanın gənclər millisində çox oyunumuz olub. Ramillə çox yaxşı dostluğumuz var.

- Azərbaycan millisi ilə bağlı Ramillə məsləhətləşmisən?

- Bəli. Bu haqda çox danışmışıq. O da istəyir ki, Azərbaycana gəlim. Dediyim kimi ilk növbədə klub karyerası qurulur. Əgər klubumla hər şey yolunda getsə, bu barədə danışmaq olar. Ancaq qərarsızlığa düşəndə bunları müzakirə etmək lazımdır.

- Şeydayev sənə "Qarabağ"a gəlməyi məsləhət görüb?

- Onunla həmişə bir komandada oynamaq istəmişik. Çünki bir-birimizi yaxşı tanıyır və başa düşürük. Lakin ikimiz buna qərar verə bilmərik. Əgər "Qarabağ" və ya digər kluba keçidlə bağlı danışıqlar olsaydı, o halda Ramil bu barədə məsləhət verərdi. "Qarabağ" klubu haqqında söhbətimiz olur. Ramillə bu gün görüşmüşəm. Məşqlər və klubda ümumi atmosfer barədə fikirlərini bölüşüb.

- “Neftçi” və ya “Qarabağ”dan ciddi təklif almısan?

- Bir daha qeyd edim ki, bu cür təklifləri ilk növbədə klub rəhbərliyi ilə müzakirə edirlər. Mənim bildiyimə görə, "Neftçi" klubu ilə danışıqlar olub və ola bilər ki indi də gedir. "Qarabağ" klubu ilə danışıqlar barədə məlumatım yoxdur.

- Səni bu qış Azərbaycan klublarından birində görə bilərikmi?

- Düşünmürəm ki, bu qış baş tutsun. Hazırda klubumla davam edən müqaviləm var, "Ximki"nin oyunçusuyam. Bir daha qeyd edim ki, indi Rusiya Premyer Liqasına diqqətimi cəmləmişəm. Lakin gələcəyi bilmək olmaz, qismətdə olanı yaşayıb, görəcəyik (sportlife.az).

writer photo
Əlirza Əlirzalı
0