Misli Premyer Liqasının VIII turunun "Zirə" - "Kəpəz" matçından (3:0) sonra qonaqların çalışdırıcısı Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Oyundan-oyuna nələrisə daha yaxşı edirik. Amma yenə də konsentrasiyadan düşürük. İlk hissədə daha yaxşı mübarizə apardıq. Hər iki hissədə bağışlanmayacaq səhvlər etdik. "Zirə"ni təbrik edirəm. Hər bir oyunun özünün istəyi, tapşırığı var. Futbolçuları da get-gedə tanıyırıq. Meydana sonradan daha yaxşı yerli oyunçular girə biləcək. Məşqçilər korpusu olaraq, ona görə belə qərar verdik".
- "Qara zolaq"dan çıxmaq üçün hansısa planlar cızırsız?
- Əlbəttə ki, cızırıq. Bu gün Paçunun gəlməsi, Pananın bizə qoşulmasını görürük. Oyun planında da, bəzi dəyişikliklər var. Onları rotasiya edib yoxlayırıq. Düşünürəm ki, əsasən də müdafiədə daha çox dəqiq olmalıdır. Mən gələndən üç oyun keçirmişik. "Araz-Naxçıvan"la qola qədər pis mübarizə aparmaqdıq. "Zirə" ilə görüşdə də qola qədər pis deyildik. Futbolçular bəzi məsələləri anlayırlar ki, nə etmək lazımdır. Bunu 90 dəqiqəlik çərçivəyə salmaq lazımdır.
- Yeni oyunçular olacaq?
- Qışa qədər transferlərimiz tamamlanıb. Amma hər şeyi zaman göstərəcək. Bir oyunçu da dünən bizə qoşuldu.