Millimizin müdafiəçisi: “Onunla görüş komandanı ayıltdı” - MÜSAHİBƏ
23.09.2023 - 11:52
Millimizin müdafiəçisi: “Onunla görüş komandanı ayıltdı” - MÜSAHİBƏ

Azərbaycan millisinin futzalçısı Amadeu federasiyanın mətbuat xidmətinə müsahibə verib. 

Apasport.az xəbər verir ki, təcrübəli müdafiəçi DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Niderlanda 6:1 hesabı qalib gəldikləri oyun barədə danışıb və növbəti hədəflərini açıqlayıb. 

- Əvvəlcə Niderlandla oyun haqda düşüncələrini bölüşərdin..
- Rumıniyaya məğlubiyyətdən sonra bu oyuna fokuslanmışdıq. Çünki növbəti xal itkisinə yol vermək olmazdı. Üstəlik, doğma meydanda oynayırdıq. Komanda olaraq yaxşı çıxış etdik. Kimlərisə ön plana çıxarmaq istəmirəm. Qələbəni komanda və azarkeşlər birlikdə qazandıq. Oyundan əvvəl də futzal federasiyasının prezidenti Zaur Axundov bizimlə görüşdü, Rumıniyadakı nəticəyə görə narazılığını bildirdi. Onunla görüş komandanı bir növ ayıltdı. Zaur müəllim bildirdi ki, bu oyunda mütləq qələbə qazanmalıyıq. Atmosfer də əla idi. Çox qaçdıq, mübarizə apardıq, az səhv etdik və yekunda bəhrəsini gördük.

- Bəs Rumıniya ilə oyunda niyə bu cür çıxış edə bilmədik?
- Deməzdim ki, orada zəif oynadıq. Onlar qələbə qazansalar da, biz daha yaxşı oynadıq, epizodlarımız da çox oldu. Sadəcə çoxsaylı qol şanslarını reallaşdıra bilmədik. Bəzi epizodlarda biz dəqiq ola bilmədiksə, rəqibin qapıçısı da yaxşı çıxış etdi. Onların heyətində həmin gün ən yaxşı qapıçı oynadı, deyə bilərəm. Rumıniyadakı zal istənilən səviyyədə deyildi. Orada hər gün həndbolçular məşq edir və oyun keçirir deyə, parket yapışqanlı idi, havalandırma sistemi yox idi. Həm də birinci oyunlar hər zaman çətin keçir. Rumıniya bizdən sonra Qazaxıstanla oynadı və 1 top fərqi ilə uduzdu. Nəticə onların heç də zəif komanda olmadığını göstərdi.  

- Növbəti iki oyunda favoriti hesab edilən Qazaxıstan yığması ilə qarşılaşacaq millimiz. Bu duellərdə hansı nəticəyə ümid etmək olar?
- Oyunöncəsi şanslar 50-nin 50-yədir. Deyə bilmərəm ki, Qazaxıstan super vəziyyətdədir və biz çox zəifik. Bakıdakı oyunda mütləq qələbə qazanmalı, səfərdə isə yenilməməliyik. Biz də dünya çempionatının final mərhələsində iştirak etmək istəyirik. Bunun üçün də qələbələr qazanmalıyıq. Oyundan oyuna artırırıq. Qazaxıstanla matçda Niderlanda qarşı oynadığımızdan daha yaxşı çıxış edəcəyik. Rəqib də bizi buna məcbur edir.

- Millimizin birinci yeri tutması üçün şansı realdır, yoxsa ikincilik üçün mübarizə aparacaq?
- Niyə də yox?! Yenə deyirəm, Bakıda qələbə qazanmaq, Astana da isə uduzmamaq lazımdır. Bunu bacaracaq gücdəyik. Yaxşı komandamız var. Rəhbərlik də qarşımıza konkret məqsəd qoyub. Elə etməliyik ki, mərhələnin sonunda sevinən tərəf biz olaq.

- Gələn həftə ölkə çempionatı start götürür. “Araz-Naxçıvan”ın əsas rəqibləri hansı komandalar olacaq?
- Bilirəm ki, “Baku Fire” və “Neftçi” İK heyətini gücləndirib. Onlarla oyunlar çətin keçəcək. Bütün görüşlər bizim üçün əhəmiyyətlidir. 3 xal qazanmaq istəyirsənsə, rəqibin kimliyindən asılı olmayaraq qalib gəlməlisən. İştirakçı komandaları mövsümün başlaması münasibəti ilə təbrik edirəm. Hər kəsə zədəsiz futzal ili arzulayıram. Oyunların başlaması millinin hazırlığına da müsbət təsir edəcək.  
 

writer photo
Əlirza Əlirzalı
0