Misli Premyer Liqasının IX turunun "Kəpəz" - "Neftçi" matçından (4:3) sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Bu gün Gəncəyə olan raket hücumunun il dönümüdür. Qələbəni bütün Gəncəyə, şəhidlərə həsr edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Oyun barədə çox danışmaq mümkün deyil. Çox sevincliyik. Çoxdandır qələbəyə həsrət idik. Bilirdik ki, doğru yoldayıq. Bu gün hər iki hissədə istədikərimizi edə bildik. Əlimizə düşən fürsətlərdən maksimum yararlandıq".
- Hamı "Neftçi"nin qalib gələcəyini düşünürdü. Nəyi dəyişdiz ki, bu gün komandanız qələbə qazandı?
- Bura gələndən 3 oyunda 3 məğlubiyyət almışdıq. Amma hər oyunda nələrisə daha yaxşı etməyə çalışırdıq. Bəzi şeyləri birdən-birə dəyişmək alınmır, addım-addım etmək olur. İnanıram ki, bundan sonra daha yaxşı oyunlarımız olacaq. Hər şey inamdan asılıdır. Uşaqları inandıra bildik. Məncə, pis alınmadı.
- Qarşıda milli fasilə gəlir, daha sonra isə "Qarabağ"la oyun olacaq. Özünüzü necə hiss edirsiz?
- Çox gözəl hiss edirik. Fasilə bizim xeyrimizə olacaq. Bəzi məqamları yaxşılaşdırmağa çalışacağıq. "Qarabağ"a qarşı oynamaq xoşdur. Uşaqları həmin matça yaxşı kökləmək lazımdır.
- Oyun planınız nə idi? "Neftçi"nin hansı üstün cəhətlərini təhlil etmişdiz?
- "Neftçi"nin ən üstün cəhətləri cinahları və mərkəzi idi. Hamı istəyər ki, heyətində Ozobiç kimi "10 nömrə" olsun. İlk tapşırığımız bu oldu ki, bizim vingerlər cinahdan çox çıxmasın və rəqbin vingerlərini zərərsizləşdirsinlər. Braqananın bir az problemi var, ingiliscə yaxşı bilmir. Amma oyundan-oyuna yaxşı olacaq.
- Yeni transferiniz Mahamadu Banı start heyətdə meydana buraxdız. Futbolçu hazır idi?
- Mənim üçün futbolçunun yeni qoşulması önəmli deyil. Əsas onun beynində hazır olmasıdır. Fubolçu özü bildirdi ki, 70-80 faiz hazıram. Bu, mənə bəs elədi. Məncə, pis təsir bağışlamadı.