Coy-Lens Mikels: “Dostlarım dedi ki, Azərbaycana getsəm, karyeramı bitirə bilərəm”
28.11.2022 - 09:17
Coy-Lens Mikels: “Dostlarım dedi ki, Azərbaycana getsəm, karyeramı bitirə bilərəm”

“Azərbaycan və kiçik ailəm məni, həqiqətən də, qucaqladı. Bir arzum olsaydı, bütün ailəmə sağlamlıq diləyərdim. İdman baxımından yaxşı vaxt keçirməyə davam etmək istəyirəm. Bu mövsüm beynəlxalq arenaya vəsiqə qazana bilərik”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın almaniyalı futbolçusu Coy-Lens Mikels ölkəsinin mətbuatına müsahibəsində deyib.

29 yaşlı hücumçu ötən ilin yayında Azərbaycana köçdüyü zaman ətrafındakı insanların tərəddüd yaşadığını etiraf edib: “Dostlarım mənə dedi ki, Azərbaycana getsəm, karyeramı dərhal bitirə bilərəm, çünki bu addım karyeranı bitirmək kimidir. Amma bu səslərin məni təsir altına salmasına imkan vermədim. Nədənsə təklifi həm maraqlı, həm də ekzotik hesab etdim. Sonda öz-özümə düşündüm ki, peşəkar futbolçu kimi çox az vaxtım var. Niyə cəhd etməyim? Xüsusən də, Konfrans Liqasında iştirak etmək şansı var”.

Mikels Bakıda keçirdiyi ilk vaxtlar çətinliklərlə üzləşdiyini gizlətməyib. Ancaq o, müəyyən müddət sonra bura uyğunlaşdığını bildirib: “İki həftədən sonra əslində hər şeyi atmaq istədim. O vaxt hələ oteldə yaşayırdım, Bakıda mənzilim yox idi və demək olar ki, heç kim ingiliscə danışmırdı. Almaniya və Niderlandla müqayisə olunmayan məşq şəraitinə də öyrəşməli oldum. Yalnız Bakının mərkəzində mənzilə köçəndən, yerli sakinlərlə real təmas qurandan və komandaya uyğunlaşandan sonra hər şey dəyişdi”.

“Sabah”ın forvardı Azərbaycan Premyer Liqasının çətinliklərindən də bəhs edib. O, buradakı müdafiəçilərin fiziki gücünü xüsusi vurğulayıb: “Elə yaşa çatmışam ki, bu dövrdə insan öz hərəkətləri haqda daha çox fikirləşir. Əvvəllər çox vaxtımı “PlayStation”da keçirirdim, indi trenajor zalında çox oluram, bərpa məşqləri edirəm. Düzgün və sağlam qidalanmaya da fikir verirəm. Ölkə çempionatı fiziki cəhətdən çox güclüdür. Müdafiəçilər klassik “dana dişləyənlərdir”. Burada hər oyunda fiziki cəhətdən çətinlik çəkirsən və bu, iliklərinə qədər işləyir”.

Paytaxt klubunun qolçusunu ən çox narahat edən məqam matçlara marağın az olmasıdır: “Bakı kimi bir milyondan çox əhalisi olan şəhərdə belə, tanınırıq və bizə müraciət olunur. Televiziya reytinqləri çox yaxşıdır, futbol yüksəlişdədir. Amma istərdim ki, stadiona daha çox azarkeş gəlsin. Ən yaxşı oyunlarda 10 mindən çox tamaşaçı olur, normal matçlara isə cəmi 3000 nəfər gəlir. Ən ucuz biletin qiyməti cəmi 3 avroya bərabər olsa da, insanlar çox vaxt gəlmirlər. Komandalarının uduzacağı ehtimalını düşünərək 3 avro xərcləmək istəmirlər”.

Mikels oyunların birində açılan posteri hələ də unutmadığını deyib: “Özünüzü bir pankartda “Qara Pantera” kimi görmək inanılmaz şərəfdir. Amma mənim üçün ən yaxşı an böyük bir poster oldu. “Sabah” ailəsinə xoş gəlmisiniz”, sözləri ilə qızımın doğulması münasibətilə təbrik olunduq. Bu məni çox duyğulandırdı”.

Digər həmkarları kimi, almaniyalı futbolçu da Bakıda ən çox tıxacdan narazılıq bildirib: “Burada insanların inanılmaz dərəcədə istiqanlı və açıq olduğunu gördüm. Bir ailə olaraq bizim üçün Bakı çox rahat, sakit guşələri olan yaşana bilən şəhərdir. Yalnız yolları çətin olur. Bakıda tıxacsız yaşamaq, demək olar ki, mümkün deyil. Çox ucuz olduğu üçün hər kəs taksidən istifadə edir. Bakıdan məşq meydançasına qədər 15 kilometr üçün az qala dörd avro ödəyirəm”.

Qeyd edək ki, ötən mövsüm 11 qolla Premyer Liqada bombardirlər yarışında ikinci yeri bölüşdürən Coy-Lens Mikels cari mövsüm aktivinə 7 top yazdırıb.

writer photo
Əlirza Əlirzalı
0