Cüneyt Biçer: “Bu, sürpriz kimi qarşılanar”
15.08.2023 - 17:31
Cüneyt Biçer: “Bu, sürpriz kimi qarşılanar”

"İlk oyunu izlədim. Mövsümün əvvəli olduğunu nəzərə alsaq, məncə, hesab normal idi”.

Bunu apasport.az saytına açıqlamasında türkiəli məşqçi Cüneyt Biçer deyib.

Azərbaycanda "Bakı" və "Xəzər Lənkəran"da baş məşqçi kimi işləmiş mütəxəssis Konfrans Liqasının III təsnifat mərhələsinin "Beşiktaş" - "Neftçi" görüşündən gözləntilərini bildirib. O, Bakıda keçirilmiş və "qara qartallar"ın 3:1 hesablı qələbəsi ilə başa çatan matçı da dəyərləndirib: “Təbii ki, hər iki komanda uğurlu nəticə qazanmaq istəyərdi. Həm "Beşiktaş", həm də "Neftçi" tam hazır deyil. Ona görə də, matçların sonları öndə olan komandanın bir az hesabı qorumaq istəyi, geridə olan komandanın isə hesab arasındakı fərqi  azaltmaq istəməsi normaldır. Yəqin ki, "Neftçi"nin bir az üstünlüyü bununla əlaqədardır. Məncə, İstanbuldakı oyun da maraqlı keçəcək. Amma "Beşiktaş"ın cavab qarşılaşmasında da "Neftçi"yə qalib gələcəyini düşünürəm".

Biçerin sözlərinə görə, Türkiyədəki matçda "Neftçi"nin qalib gəlib mərhələ adlaması çətin görünür: "Əlbəttə, "Beşiktaş" "Neftçi"yə İstanbulda uduzarsa, bu, sürpriz kimi qarşılanar. Ancaq bunun olması çox çətin görünür. Məncə, "Beşiktaş" ikinci görüşdə də "Neftçi"yə qalib gələcək".

Qeyd edək ki, komandalar arasında cavab oyunu sabah “Beşiktaş” stadionunda keçiriləcək. 

writer photo
Əlirza Əlirzalı
0