Danilo Dias: "Azərbaycan xalqı üçün çox darıxıram" - Müsahibə
27.05.2024 - 21:01
Danilo Dias: "Azərbaycan xalqı üçün çox darıxıram" - Müsahibə

“Qarabağ”ın keçmiş futbolçusu Danilo Dias apasport.az saytına müsahibə verib.

- “Qarabağ” bu mövsüm də çempionluğunu rəsmiləşdirdi. Bu komanda Azərbaycanda hegemondur. Onlar haqda hansı fikirdəsən? Səncə, Azərbaycanda "Qarabağ"ın qarşısını ala biləcək komanda var ?
- Məncə bu hegemona qalib gəlmək çox çətin məsələdir. Çünki “Qarabağ” çox yaxşı təşkilatlanmış klubdur. Çox yaxşı da baş məşqçiyə sahibdirlər. Yaxşı kollektivləri və futbolçuları var. “Qarabağ” struktura malikdir. Bu klubda maaşlar daim vaxtında verilir. Karyeram ərzində az klubda oynamamışam. Amma deyim ki, bu müddət ərzində oynadığım və əməkdaşlıq etdiyim ən yaxşı klub “Qarabağ”dır. Ona görə də, bu klub haqda yalnız gözəl sözlər deyə bilərəm.

- Bu mövsüm "Qarabağ"ın avrokuboklardakı performansını bəyəndin? Səncə, onlar Avropa Liqasında finala qədər gedəcək gücdə idi?
- Almaniyada “Bayer”ə qarşı keçirilmiş oyun yadımdadır. “Qarabağ” qələbəyə həqiqətən də layiq idi. Komanda yaxşı görünürdü, inamlı idilər, çox yaxşı oynayırdılar. Amma “Bayer” sonlarda “Qarabağ”ın cərimə meydançasına çox futbolçu ilə girdi və qollarını vurdu. Fikrimcə, “Bayer”in bəxti də gətirdi. Amma “Qarabağ” bütün dünyaya yaxşı futbol nümayiş etdirdi. 

- Bildiyim qədərilə öz studiyan var və “youtube”da idman jurnalisti kimi fəaliyyət göstərirsən. Maraqlıdır, verilişlərində "Qarabağ" haqda danışırsan?
- Bəli. Mən həmişə Avropa komandalarını göstərirəm və onlar haqda danışıram. Ürəyimdə Azərbaycanla, oranın insanları ilə bağlı gözəl xatirələrim qalıb. “Qarabağ”ın heyətində də çox yaxşı anlarımız var. Biz birlikdə idik, orada bərk dostluq, mehribançılıq var. Bu da komandanın ən yaxşı nəticələri qazanmasına kömək olur. Burada verilişlərimizdə də “Qarabağ” haqda danışıram.

- Səncə, “Qarabağ” yeni mövsüm Çempionlar Liqasının qrupuna düşə biləcək?
- Bəli, məncə, “Qarabağ” yeni mövsüm Çempionlar Liqasının qrup mərhələsinə düşə biləcək. Bilirik ki, təsnifat mərhələləri çətin keçir, heç də asan olmur. “Qarabağ” hər il Avropada yaxşı oyun göstərir, yaxşı çıxış edir. Düşünürəm ki, bu gün başqa komandalar “Qarabağ”ın çıxışına görə Azərbaycan komandalarına hörmət edirlər.

- "Qarabağ" indi daha güclüdür, yoxsa sənin oynadığın vaxtda daha güclü idi? Hansı fərqləri görürsən?
- İndi fərqli zamandır. Qurban Qurbanov hər il bizə öz keyfiyyətini göstərir və hər il yaxşı oyunçular gətirir. Komanda ildən-ilə daha da güclənir. 

- "Qarabağ"da hazırda üç braziliyalı futbolçu var - Olavio Juninyo, Romao, Matheus Silva. Onlar haqda hansı fikirdəsən?
- Bu braziliyalılar çox yaxşı oyunçulardır və hər oyunda öz keyfiyyətlərini göstərirlər, komandaya kömək edirlər. 

-Heç Bakı və ölkəmiz üçün darıxırsan?

- Bakı və Azərbaycan xalqı üçün çox darıxıram. Onları heç vaxt unutmayacağam. Bu ölkəyə və bu xalqa çox hörmət edirəm. Azərbaycanlıları qucaqlayıram, sizi heç vaxt unutmayacam.

writer photo
Əlirza Əlirzalı
0