"Danışmağa çox sözüm yoxdur. Üstünlük bizim tərəfdə idi. Çoxlu qol epizodlarımız oldu, dəyərləndirə bilmədik. Yaxşı oyuna görə də 3 xal vermirlər".
Apasport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 28-ci turunun "Neftçi" ilə (0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyunu unutmaq üçün nə edəcəksiz?
- Belə oyundan sonra toparlanmaq çox çətindir. Futbolçulara, onların çəkdiyi əziyyətə heyfim gəlir. Bu cür oyunla qələbə qazana bilmədik.
- Əsas rəqibiniz olan "Kəpəz" əlinə düşən fürsətlərdən maksimum istifadə edib qollar vurur. Bu gün "Qəbələ" isə 10-dan çox epizod yaratdı, amma qol vurma bilmədi. Sizcə, bunun səbəbi nədir?
- Sizinlə razıyam. Bəli, "Kəpəz" demək olar ki, yarım epizoddan qol vurur. Biz isə 100 faizlik fürsətləri dəyərləndirə bilmirik. Tetenin vura bilmədiyi epizod var idi. Klesio Baukun da həmçinin. Bunları dəyərləndirə bilsəydik, başqa cür olardı. Deyiləcək çox söz yoxdur. Keyfiyyət çatmır.
- Mətbuatda belə xəbərlər var ki, komanda aşağı liqaya düşsə də, "Qəbələ"də qalacaqsız. Bu xəbərlər nə dərəcədə həqiqətdir?
- Bu barədə danışmaq istəmirəm. Bəli, klubla müqaviləmiz var. Bura gələndə bilirdik ki, çətin olacaq. Hara getmişəmsə, ad qoymağa çalışmışam. Azərbaycanda 6 il işləmişəm. Həmişə adımızın yaxşı hallanmasını istəyirik.
- Premyer liqada sonuncu yerdə olsaz da, kubokda yarımfinaldasız. Kubokla bağlı fikirləriniz necədir?
- Çempionat və kubok tam fərqli turnirlərdi. Oyunçuları növbəti matça yaxşı hazırlamalıyam. Bu gün çox yoruldular. "Qəbələ" kubok komandası sayılır. Dəfələrlə buradan avrokuboklara vəsiqə qazanıb. Ümid edirəm ki, baxımlı oyun sərgiləyəcəyik. Əlavə olaraq qeyd edim ki, bu gün hakimlər yaxşı idilər.