Əliyar Ağayev: “Özümü tənqid etdiyim çox oyun olub” - Müsahibə
15.03.2024 - 16:56
Əliyar Ağayev: “Özümü tənqid etdiyim çox oyun olub” - Müsahibə

Bəlkə də ən çətin peşələrindən biri də futbol hakimliyidir. Cüzi bir səhv böyük problemlərə yol aça bilər. Çünki dünyada ən çox baxılan, azarkeş sayı yüz milyonlarla ölçülən idman növü futboldur. Məhz bu səbəbdən futbolda hakim olmaq xüsusi məsuliyyət tələb edir. 

Apasport.az Lent.az-ın Əliyar Ağayevlə müsahibəsini təqdim edir. 

“Futbol sevgisi məktəb illərindən yaranıb”

Çempionlar Liqasında söz sahibi olan yeganə azərbaycanlı hakim Əliyar Ağayev bu dəfə Lent.az-a məktəb illərindən danışır…

Əliyar Ağayev 1994-cü ildə Hövsan qəsəbəsində yerləşən Elçin Qaranzadə adına 270 nömrəli məktəbdə təhsil almağa başlayıb.
 
- Fikrimcə, məktəb illəri ən dəyərli illərdən biridir. Əlbəttə ki, orta məktəbi bitirdikdən sonra bakalavr və magistr təhsili alsam da, heç biri məktəb illərinin yerini vermir. 

- İlk parta yoldaşınızı xatırlayırsınız?

- Əlbəttə, bir parta yoldaşım olub elə - Samirə adlı xanım ilə bir partada oturmuşam. Hələ də sinif yoldaşlarımla əlaqəmiz var. Demək olar ki, oğlanların hamısı ilə mütəmadi olaraq görüşürük. 

- Adətən, orta məktəblərdə şagirdlərə müəyyən qadağalar qoyulur, cəzalar verilir. O vaxt necə idi?

- Həmin dövrdə özümüzü yaxşı aparmayanda müəllimlər bizə müəyyən cəzalar verirdi. Amma hər hansı bir problem olmayıb. Bizim dövr çox fərqli idi. Müəllim şagirdə özünəməxsus hər hansı bir cəza verə bilərdi. Bunu isə biz və valideynlərimiz normal qarşılayırdıq. 

- Bəs, Əliyar Ağayev necə şagird olub? Heç dərsdən qaçmısınız?

- Məncə, dərsdən qaçmayan şagird demək olar ki, yoxdur. Hər zaman tərbiyəli və nümunəvi şagird olmaq üçün çalışmışam. Həmişə dərslərimi yaxşı oxumuşam. Burda da müəllimlərimin rolu böyükdür. Bütün müəllimlərimi çox istəmişəm. Əlbəttə ki, danlayan müəllimlərim də olub.

- Sevimli məktəb illərindən yaddaqalan maraqlı xatirələriniz varmı?

- Bizim dövrdə texnologiya bu qədər inkişaf etməmişdi. Uşaqlar, şagirdlər bir-biriləri ilə daha çox ünsiyyətdə olurdular. Məhz bu səbəbdən hesab edirəm ki, əvvəlki dövr daha yaxşı idi. Məktəb illərimlə bağlı maraqlı xatirələrim çoxdur. Ən maraqlı xatirələrim isə idman yarışları keçiriləndə olub. Orta məktəbdə oxuyarkən futbol üzrə Hövsan çempionatı keçirilirdi. Finala yüksəlsək də, matç penaltilər seriyasına getdi. Biz 90 dəqiqə meydanda qol vursaq belə, penaltilər seriyasında qol vura bilməmişdik. Məhz o günü heç vaxt yadımdan çıxartmaram.

- Futbola gəlməyinizdə məktəbin rolu var?

- Əlbəttə ki, futbol sevgisi məktəb dövründən yaranmışdı. İdman dərslərində ancaq futbol oynayırdıq. Yuxarı siniflərdə oxuyarkən boş dərslərimiz çox olurdu. Məktəbdə imkan tapan kimi futbol oynamağa qaçırdıq. 

- Bəs, hakimliyə maraq necə yarandı? Atanız – Kərim Ağayev də sabiq futbol hakimidir. Hakimliyə gəlməyinizdə atanızın hər hansı bir rolu varmı?

- Futbolçu olmaq istəyirdim. Müəyyən səbəblərə görə, futbolu buraxmalı oldum. Amma futbolun içində olmaq, daim yaşıl meydanlarda qalmaq üçün hakim olmağa qərar verdim. 

Qeyd etdiyiniz kimi atam da yan hakim, baş hakim sonda isə yan hakim kimi beynəlxalq dərəcəli hakim təyinatı alıb. Hakimliyə gəlməyimlə bağlı atamın heç bir təkidi olmayıb. Bəlkə də atam heç istəməzdi ki, mən hakim olum. Çünki o da bu peşə ilə bağlı müəyyən çətinliklərlə üzləşib. Amma buna rəğmən həmişə mənə dəstək olub və göstərişlərini verib. Gələcəyi bilmək olmaz, amma mən də həmin çətinlikləri gördüyüm üçün hazırda oğlumun hakim olmağını istəmərəm.

- Bu gün Azərbaycan futbolunda ən çox tənqid edilənlərdən biri də hakimlərdir. Bəs, siz bu tənqidlərə necə yanaşırsınız?

- Hər bir işdə tənqid var və hər bir ixtisasın özünəməxsus çətinliyi var. Bu peşəni seçəndə bilirdik ki, bizi qarşıda nələr gözləyir. Tənqid də bizim işimizin bir parçasıdır. Düşünürəm ki, hər bir düzgün tənqiddən nəticə çıxarmalıyıq. 

- Əliyar bəy, bəs, siz nə vaxtsa hər hansı bir oyuna görə, özünüzü tənqid etmisiniz? 

- Əlbəttə ki, özümü tənqid etdiyim çox məqam və ya oyun olub. Elədiyimiz səhvlərdən sonra onları analiz etmişik. 

- Hakim kimi debüt etdiyiniz oyunu xatırlayırsınız?

- Bildiyiniz kimi əvvəlcə uşaq liqalarını idarə etməyə başlayırıq. O vaxtı “Bakı birinciliyi” keçirilirdi. Elə ilk oyunum da o idi. Həmin matçda köməkçi hakim kimi debüt etmişdim. 

- Növbəti hədəflərinizdən də danışaq…

- Hazırki dönəmdə həm yerli, həm xarici çempionatda idarə etdiyimiz oyunlardan yüksək qiymətlərlə ayrılmağa çalışmalıyıq ki, növbəti oyunlara, əsasən Avropadakı növbəti oyunlara təyinatımız olsun. Əlbəttə ki, bir hakim kimi gələcəkdə Avropa və ya dünya çempionatlarının final oyunlarını idarə etmək istəyirəm. Bu növbəti hədəflərimdən biridir. 

writer photo
Əlirza Əlirzalı
0