George Anton: "Zirə" ilə müqayisədə “Şerif”in avrokuboklarda böyük təcrübəsi var" - Müsahibə
20.06.2024 - 10:33
George Anton: "Zirə" ilə müqayisədə “Şerif”in avrokuboklarda böyük təcrübəsi var"  - Müsahibə

“Zirə” Avropa Liqasının təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq. Bu oyundan öncə hər iki komandanın şərəfini qorumuş futbolçu ilə danışdıq. Belə ki, Moldova millisinin üzvü, həm “Şerif”, həm də “Zirə” klublarında oynamış George Anton bu iki komandanın şanslarından danışıb. Səhhətindəki problemlərə görə karyerasını erkən başa vuran Anton apasport.az saytına müsahibə verib. 

- “Zirə” Avropa Liqasının təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq. Səncə, püşkatma "Zirə", yoxsa "Şerif" üçün yaxşı alındı?
- Bəli, püşkatmaya baxdım, xəbərim var. Məncə, avrokuboklarda asan komandalar yoxdur. Hər bir komandaya da ciddi yanaşmaq lazımdır. Amma sırf püşkatma haqda soruşursuzsa, deyim ki, püşkatma "Şerif" üçün yaxşı keçdi. 

- Moldovada bu püşkatmaya reaksiyalar necə oldu? İnsanlar püşkatmanın “Şerif” üçün yaxşı keçdiyini düşünür?
- Ola bilsin ki, Moldovda hamı "Zirə"ni tanımır. Çünki hər halda, "Zirə" yeni klubdur. Məncə, burada insanlar püşkatmaya normal reaksiya verdilər. Hər halda, bir aydan sonra oyunlar olacaq. Onda komandaları meydanda görəcəyik.

- "Zirə" "Şerif"i keçərsə, sənin üçün sürpriz olacaq? Yoxsa, normal qarşılayacaqsan bu nəticəni?
- Düzünü deyim də, mən belə sürpriz haqqında düşünmürəm. Amma hər halda futboldur, öncədən nəsə demək çətindir. 

- "Zirə" "Şerif" səddini necə keçə bilər? “Zirə”yə bu mənada hansı köməyin dəyə bilər?
- Xeyr, köməklik üçün edə biləcəyim heç nə yoxdur. Bunun üçün komandanın necə oynamalı olduğunu təhlil edəcək məşqçi var. İstənilən halda, “Zirə” ilə müqayisədə “Şerif”in avrokuboklarda böyük təcrübəsi var. Necə olacağını isə oyunlar zamanı görəcəyik.

- Hər iki komandada oynamısan. “Şerif”i, yoxsa “Zirə”ni dəstəkləyəcəkən?
- Doğrudur, hər iki komandada oynamışam. Mən "Şerif"i dəstəkləyəcəm.

- "Zirə"dəki karyeranı necə xatırlayırsan? Səncə, Azərbaycandakı karyeran yaxşı alınmışdı?
- Mən həmin dövrü "Covid-19"dan əvvəl və sonra olmaqla, iki hissəyə ayıra bilərəm. Xoş anlarla və yaxşı matçlarla xatırlayıram. Amma komandaya qoşulanda təxminən 6 oyun oynadıq və dərhal sonra karantin başladı. Sonra aylarla yalnız evdə oturduq. Azərbaycan dövləti mağazaya, o da  yalnız gündə iki saat çıxmağa icazə verirdi. Bəlkə də koronavirus səbəbindən belə xoşagəlməz an oldu. Amma mənim orada yaxşı dostlarım var. Dmitri Çantakias hələ də “Zirə”də oynayırdı, yenicə oradan ayrıldığını gördüm. David Volkovla da yaxşı münasibətim var, deyəsən, yenidən qayıtdı “Zirə”yə. Əla futbolçulardır və çox yaxşı insanlardır, onlara salamlarımı göndərirəm.

- Karyeranı 31 yaşında niyə başa vurmusan? Səhhətindəki problem nədir?
- Bəli, səhhətimdə problemlər var. Süd məhsullarına qarşı dözümsüzlükdür. Yeri gəlmişkən, hər şey Azərbaycanda başladı. koronavirusdan sonra məşqə gəldiyimi xatırlayıram, “Zirə”dəkilər məni görəndə dedilər ki, nə baş verib, nə olub? Həmin vaxtı  5 kq arıqlamışdım. Sonra Rumıniyaya yollandım, ardınca Moldovaya qayıtdım. Bütün bu müddət ərzində nəyə görə arıqladığımı bilmirdim. Bütün testləri verdim, Rumıniyadan bir həkim mənə bu testi verməyi məsləhət gördü. Beləcə problemin nə olduğunu öyrəndim, bu vaxt ərzində 10 kq arıqlamışdım. Karyeramı davam edirdim və yorğunluq baş verirdi. Ona görə də karyeramı bu qədər tez bitirməyə qərar verdim.

- "Zirə"dən ayrıldıqdan sonra Azərbaycana qayıtmaq variantın var idi?
- Bəli. "Qəbələ"dən təklif olmuşdu. Amma elə alındı ki, Rumıniyaya getdim.

writer photo
Əlirza Əlirzalı
0