“Hakimlik haqda danışmaq istəmirəm, çünki bir təsiri olmayacaq” - Müsahibə
01.02.2024 - 21:01
“Hakimlik haqda danışmaq istəmirəm, çünki bir təsiri olmayacaq” - Müsahibə

“Qəbələ”nin müdafiəçisi Rauf Hüseynli apasport.az saytına müsahibə verib.

- "Qəbələ" dünən ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Araz-Naxçıvan"la bərabərə qaldı. Nəzərə alsaq ki, görüşü 10 nəfərlə bitirdiniz, nəticə sizi razı saldı yoxsa, qələbə qazanmaq olardı?
- Hər oyuna qələbə üçün çıxırıq. Fərqi yoxdur, bu, çempionat yoxsa, kubok oyunudur. "Araz-Naxçıvan"la matçda da komandamız meydanda sona qədər döyüşdü. Qələbə də qazanmaq mümkün idi. Sonda düşən qol fürsətindən yararlansaydıq hər şey yaxşı idi. Hər halda, qələbəmiz üçün çatışmayan detal əlimizə düşən fürsətlərdən maksimum yararlanmamaq idi. 

- Komandanın sonuncu pillədə yer alması sizi nə dərəcədə motivasiyadan salır? Yoxsa, ümumiyyətlə buna fikir vermirsiz?
- Komanda şəklində motivasiyadan düşməmişik. Daha çox çalışırıq ki, düşdüyümüz vəziyyətdən çıxaq. İnanıram ki, bunu bacaracağıq. Çünki yaxşı komandaya, yaxşı futbolçulara malikik. 

- Bu mövsüm əksər komandalar və baş məşqçilər hakimlikdən narazılıq edir. "Qəbələ" də onlar arasındadır. Baş məşqçiniz "Araz-Naxçıvan"la görüşdən sonra hakimlikdən narazılıq etdi. Səncə, hakimlər sizə qarşı fərqli qərarlar verir, sizə fərqli yanaşır?
- Bu haqda danışmaq istəmirəm. Çünki danışmağımın hansısa bir təsiri olmayacaq. Sadəcə daha diqqətli və ədalətli qərar versələr, daha yaxşı olar. Çünki hamımız ortaya iş qoyuruq.

- Növbəti oyununuz ölkə çempionatında "Zirə"yə qarşıdır. Bu matçda komandanın qələbə qazanmaq şanslarını necə dəyərləndirirsən? 
- Rəqibdən asılı olmayaraq hər oyuna qələbə üçün çıxırıq. Şanslar bərabərdir. Komanda şəklində meydanda əlimizdən gələnin maksimumunu edəcəyik. Əminəm ki, hər şey yaxşı alınacaq.

- Bəs, ölkə kubokunun 1/4 final mərhələsində "Araz-Naxçıvan"la cavab qarşılaşması barədə nə düşünürsən? Onları keçməyə qadirsiz?
- Təbii ki, hər şeyə ikinci oyunda aydınlıq gələcək. Çünki biz hələ ki, birinci matçı oynamışıq. Cavab görüşü qarşıdadır. Çalışacağıq ki, "Araz-Naxçıvan"la oyunda da sevinən tərəf biz olaq.

- Finala qədər "Neftçi" və "Qarabağ"la qarşılaşmayacaqsız. Bu, finala çıxmaq şanslarınızı nə dərəcədə artırır? Nəzərə alsaq ki, liqada vəziyyətiniz yaxşı deyil, düşünmək olar ki, "Qəbələ" liqada qalmaq və ölkə kubokunu qazanmağa köklənib?
- Hər iki cəbhəyə eyni məsuliyyətlə yanaşırıq. Hər oyundan sonra növbəti oyuna köklənirik. Bizim üçün hər oyun vacibdir. Maksimum nəticə qazanmağa çalışacağıq. Necə alınacağını zaman göstərəcək.

writer photo
Əlirza Əlirzalı
0